Cavid Hüseynov: Biri başını divara vururdu... - MÜSAHİBƏ
29.11.2013 - 17:11
Cavid Hüseynov: Biri başını divara vururdu... - MÜSAHİBƏ
19 yaşadək futbolçulardan ibarət millimizin 2006-cı ildə Ermənistan üzərindəki qələbəsində (2:1) iştirakçılardan biri də Cavid Hüseynovdur. Əsas millimizin və “Bakı”nın yarımmüdafiəçisi apasport.az saytına verdiyi müsahibədə həm bu, həm də sabah keçiriləcək “İnter”lə oyun haqqında danışıb.

- Sabah turun mərkəzi görüşündə “İnter”lə qarşılaşacaqsınız. Derbi ilə bağlı nə deyə bilərsiniz?
- Mərkəzi görüş olmaqla bərabər, “İnter” çox yaxşı komandadır. Çempionata pis başlasa da, hazırda yaxşı formadadırlar. Turnir cədvəlində onları cəmi 1 xal qabaqlayırıq. Maraqlı oyun olacaq. Bizə qalib gəlsələr, IV pilləni əlimizdən ala bilərlər. Ona görə də hər 2 tərəf qələbə qazanmaq istəyəcək.

- “Şəfa”da keçirilən ilk matç bol qollu keçmişdi...
- Elədir. Həmin matçda 2 dəfə hesabda öndə olsaq da, sonradan rəqibimiz tarazlığı bərpa etdi. Gözləmirdik. Yəqin ki, arxayınçılığın qurbanı olduq. Ancaq bu dəfə belə olmaz, qələbə qazanarıq.

- Premyer Liqanın bombardirlər cədvəlinə nəzər saldıqda ilk sırada “İnter”in futbolçusu Vaqif Cavadovun, 2-ci pillədə isə komanda yoldaşınız Əfran İsmayılovun olduğunu görürük. Halbuki son 3 mövsümdür ki, bombardir legionerlər olurdu...
- Hətta 2, 3-cü sıralarda da legionerlər olurdu. Bu, jurnalistlər tərəfindən də bir az şişirdildi. Hazırda isə hər şey fərqlidir. Buna ancaq sevinə bilərik.

- 3 oyun cəzalandırıldıqdan sonra start heyətindəki yerinizi itirdiniz. Əgər həmin 3 matçda çıxış etsəydiniz və ilk dəqiqələrdən meydana atılsaydınız, sizi də bombardirlər cədvəlində görmək olardı?
- Mənim də hesabımda 4 qol var. Qırmızı vərəqəyə görə 3 oyunu buraxmalı oldum. Düzdür, əsas məsələ komandanın nəticəsidir. Qol vurmaqdan çox, bu haqda düşünürəm. Komanda nəticə qazansın, mənim üçün yetər.

- Əsas heyətdəki yerinizi itirməyiniz nə ilə bağlıdır? Bunu “Neftçi” ilə oyunda aldığınız həmin qırmızı vərəqə ilə əlaqələndirmək olar?
- Bəli. Elə onunla bağlıdır. Cəzamı bitirdikdən sonra əsas heyətdəki yerimi itirdim. Bu, baş məşqçinin fikridir.

- 7 il əvvəl siz U-19-un heyətində Macarıstan və Ermənistana qarşı oynamısınız. Yəqin ki, bilirsiniz, ilkin seçmə mərhələdə rəqiblərimiz yenə bu komandalardır. Bu qarşılaşmalar haqqında nə deyə bilərsiniz?
- Öncə Macarıstan haqqında onu deyim ki, çox güclü futbol oynayırlar. O vaxt da səhv etmirəmsə, 0:4 və ya 0:5 onlara məğlub olmuşduq...

- Hesab 0:5 olub...
- Hə. Üstündən uzun illər keçdiyinə görə xatırlamıram. Ermənilərə gəlincə, onlarla futbol oynamaq vacib deyildi. Burda əsas məsələ istəkli, ürəkli oynamaq idi. Həqiqətən də onda istəyimiz çox böyük idi. Bilirdim ki, ilk hissədə 0:1 məğlub olsaq da, fasilədən sonra 2 top vuraraq qələbə qazanacağıq. Hər şey əzmkarlığımızın, istəyimizin hesabına oldu.

- O vaxtkı baş məşqçiniz Arif Əsədov deyir ki, paltardəyişmə otağında uşaqlardan ağlayanlar vardı. Kim idi onlar?
- Arif müəllim düz deyir. Ad çəkməyəcəyəm (gülür). Demək olar ki, hamı ağlayırdı. Biri başını vururdu, digər divarı yumruqlayırdı. Çünki bizim üçün ermənilərə məğlub olub vətənə qayıtmaq ağır gəlirdi.

- Baş məşqçi fasilədə sizə nə dedi ki, oyun başlayan kimi 2 qol vurdunuz?
- Arif müəllim paltardəyişmə otağına bir az gec gəldi. Hamını belə görəndə, şoka düşdü. Ona ağlamağımız təəccüblü gəlirdi. Hamıya qışqıraraq dedi ki, başınızı qaldırın, biz bu oyunda qalib gələcəyik. Həqiqətən də bu amilin bizə çox böyük təsiri oldu. İnanıram ki, bu dəfə də Arif müəllim ermənilərlə oyunda işinin öhdəsindən gələcək.

- Meydana erməni azarkeş daxil olaraq sizin üzərinizə hücum çəkib. O niyə digərlərini yox, məhz sizi vurdu?
- Hə, belə bir şey olub. Orda 500-ə yaxın erməni azarkeş vardısa, bizdən bir qız tələbə tərəfdar stadiona gəlmişdi. Hesabı bərabərləşdirən zaman onların azarkeşlərinə tərəf qaçaraq jest elədim. Sevincimi çılğıncasına qeyd etdim. Çünki bu qol bizim üçün çox böyük həyati önəm kəsb edirdi. 2-ci qolu vurarkən yenə eyni şeyi etdim. Belədə bir erməni azarkeş meydançaya daxil oldu. Videokassetdə də var, mən onu görmürdüm. Arxam tribunaya tərəf idi. Gəlib, sinəmdən vurdu, mən də yıxıldım. Mən durana kimi artıq uşaqlar və Arif müəllimin özü də həmin ermənini bir təhər etmişdi. Ehtiyat oyunçular skamyasında oturanlar da meydançaya daxil olmuşdu. Əməlli-başlı əlbəyaxa dava edirdi.

- Bəs erməni futbolçular məsələyə müdaxilə etməyə cəhd etdi?
- 1-2 futbolçuları istədi ki, davaya girsinlər. Ancaq onlar da gördülər ki, mümkün deyil, kənara çəkildilər. Biz dairəyə almışdıq. Yaxşı oldu ki, həm futbol, həm də dava baxımından paylarını aldılar (gülür).

- Onda Macarıstanın ardından 4 xal toplayaraq elit mərhələyə çıxmışdınız. Bu dəfə Kiprin yerinə qrupda Slovakiya yer alıb. Növbəti mərhələyə çıxmaq şansımız var?
- Vallah, nə deyim. Arif müəllim yaxşı məşqçidir. Onun rəhbərliyi altında həm U-19-da, həm də “Neftçi”də olmuşam. İşinə çox məsuliyyətli insandır. Əlindən nə gəlirsə, onu da edəcək ki, komandası elit mərhələyə vəsiqə qazansın.

Səbuhi TOFİQOĞLU