“Mənim istefamla nəyə nail olacaqlar?”
29.11.2013 - 17:20
“Mənim istefamla nəyə nail olacaqlar?”
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- AZAL Topaz Premyer Liqasının XV turunda “Xəzər Lənkəran”ın qonağı olacaq. Ardıcıl 9 oyundur qələbə qazan bilməyən komandanız Cənub bölgəsinə hansı əhval-ruhiyyə ilə yollanır?
- Hazırda yoldayıq, hər şey qaydasındadır. Çətin bir dövr yaşayırıq. “Qara zolaq”dan çıxmaq üçün qələbəyə hava və su kimi ehtiyacımız var. Rəqibin də durumu bizimkinə bənzərdir. Yəqin ki, oyuna yeni baş məşqçinin – Mustafa Dənizlinin nəzarəti altında çıxacaqlar. Biz öz növbəmizdə qələbəyə köklənmişik. Ümid edirəm ki, Bakıya 3 xalla qayıdacağıq.

- İlk dövrədə Şüvəlanda “Xəzər Lənkəran”a uduzsanız da (1:3), son iki səfər matçında məğlub olmamısınız (1:1, 2:1). Rəqib komandadakı problemləri və baş məşqçi dəyişikliyini də nəzərə alsaq, qələbə qazanmaq üçün şərtlərin əlverişli olduğunu söyləyə bilərik?
- Yeni baş məşqçi kənardan nəzarət edəcək və futbolçular özlərini ona göstərmək istəyəcəklər. Hər şey ola bilər. Düz qeyd etdiniz, AZAL rəhbərliyim altında Lənkəranda yaxşı oynayıb. İnşallah, bu dəfə üzümüz gülər. Özümüzə inamı qaytarmaq üçün bir qələbə zəruridir. Biz 9 oyun qalib gəlməyəcək bir komandaya xas oyun sərgiləmirik. Əzmkarlıq, taktiki gedişlər, rəqibin düzgün analizi...

- Ancaq qol vurmaqda çətinlik çəkirsiniz. Bunu hücum xəttinin zəif olması ilə izah edirsiniz?
- Bəli, tam ürəyimizcə olan hücumçu tapa bilmədik. Bəzi yanlış transferlər etdik ki, bunun da obyektiv səbəbləri var. Demək olar əksər oyunları hücumçusuz keçiririk. Yarımmüdafiəçi olan Viktor İqbekoyeni məcburiyyətdən forvard kimi oynadırıq. O da ki, indi cəzalıdır. “Xəzər Lənkəran”la görüşdə gənc futbolçumuz Rey Məmmədbəyliyə şans verməyi düşünürəm. Yenə də deyirəm, oyuna görə heç kimdən zəif deyilik. Ancaq hər nə qədər yaxşı oynasan da, turnir cədvəli nəticələrə əsasən tərtib edilir.

- Biliyimə görə, AZAL-ın antirekordu ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) hazırladığı statistika xoşunuza gəlməyib. Bu səbəbdən media nümayəndələrindən incimisiniz?
- Xeyr, heç kimdən inciməmişəm. Həyatımı futbola həsr edən adamam, belə şeylərə adət etmişəm. Sadəcə, antirekordun bu qədər gündəmə gətirilməsi xoşuma gəlmir. Biri çətin vəziyyətdə olan zaman dəstək vermək lazımdır. Biz ötən mövsüm “altılıq”da 9 qələbə qazananda, heç kimin yadına düşmürdü.

- Yəqin diqqətinizdən yayınıb. PFL-in rəsmi saytında bununla bağlı da statistik material yerləşdirilmişdi və əksər media orqanları bunu istinadla vermişdi...
- Ola bilər. Mən mətbuatı izləmirəm. Nədənsə antirekord, nəsə mənfi hallar olanda daha çox danışılır və adamın qulağına adətən bu cür şeylər çatır. Kim istəyər ki, antirekordla yadda qalsın? Mən həmişə yaxşı, uğurlu nəticələrə can atan məşqçi olmuşam.

- Ancaq AZAL-ın hazırkı durumunu faciəvi adlandırmaq olmaz. 9 oyun qələbə qazana bilməməyinizə rəğmən, 17 xalla 7-ci pillədəsiniz və 4-cü sıradakı “Bakı”dan cəmi 4 xal geri qalırsınız...
- Əlbəttə, turnir cədvəli baxımından vəziyyət pis deyil. Sadəcə, ardıcıl 9 matça qələbə qazana bilməməyimiz, ətrafdakı söz-söhbətlər komandaya mənfi təsir edir. Hər an vəziyyəti lehimizə dəyişə bilərik. Qış fasiləsində bir neçə uğurlu transferlər edib, mükafatlar uğrunda mübarizə də apara bilərik. Çempionatın əvvəlində yaxşı nəticələr əldə edirdik. AZAL sübut edib ki, istənilər rəqibi məğlub edə bilər. Əminəm ki, “qara zolaq”dan çıxıb sözümüzü deyəcəyik. Sadəcə, indi həm nəticələr qənaətbəxş deyil, həm də kənardan gələn atmacalar komandaya mənfi təsir göstərir.

- İstefanızla bağlı yayılan xəbərlər də öz yerində...
- Bu istefa söhbəti bəzi insanlar tərəfindən ortaya atılıb. Komanda udar da, uduzar da. Bir az nəticə pis olan kimi istefadan danışmağa başlayırlar. İşə, peşəkarlığa qiymət vermək lazımdır. Bu gün AZAL-da əsil peşəkarlıq hökm sürür. Bunu hər bir klub rəsmisi, hər bir futbolçu da təsdiq edə bilər. Nəticəyə baxılsaydı, onda gərək 5-6 turdan sonra alt sıralarda olan bütün komandaların baş məşqçiləri postundan getsinlər. Onda işləməyək də biz. Hansısa komanda avrokuboka vəsiqə qazana bilməsə, baş məşqçisi hökmən getməlidir? Bu nə cür yanaşmadır? Söz vermişəm ki, istefa ilə bağlı suala cavab verməyəcəyəm. Ancaq baxıram ki, danışmasam da əl çəkmirlər. İstefamı gündəm gətirənlər nəyə nail olmaq istəyirlər? Məqsəd nədir, başa düşə bilmirəm. Rəhbərliklə münasibətimiz normaldır, onlar məni dəstəkləyirlər. Ancaq çətin oyunlar ərəfəsində belə söhbətlər çıxanda istər-istəməz futbolçulara pis təsir edir, ab-havanı korlayır. Sabah futbolçu məni eşidəcək, yoxsa fikirləşəcək ki, bəlkə Vaqif Sadıqov gedəcək, təzəsi gələcək? Axı niyə AZAL bu qədər gündəmə gəlir? Başımızı aşağı salıb, işimizlə məşğuluq da. İntriqalara, pərdəarxası oyunlara qoşulmamışıq. Öz gücümüz, öz ağlımızla oynayırıq, vəssalam! Allahın köməyi ilə vəziyyətdən çıxacağıq.


ŞAMO