“Mersin İdman Yurdu”ndan fərqli, “Qarabağ” çox peşəkar klubdur”
30.11.2013 - 10:46
“Mersin İdman Yurdu”ndan fərqli, “Qarabağ” çox peşəkar klubdur”
“Ötən ay mən çox məşq etdim və bunun nəticəsi olaraq “Rəvan”la oyunda meydana çıxmaq şansı qazandım”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç deyib.

Ötən ay “Qarabağ”ın heyətinə qatılan Bosniya və Herseqovina millisinin sabiq qapıçısı ötən tur “Rəvan”la görüşdə debüt etməsindən danışıb: “Şadam ki, debüt etdim. Öz çıxışımdan razıyam. Ancaq təəssüf ki, qələbə qazana bilmədik. Ümid edirəm ki, itirdiyimiz bu 2 xal çempionluq titulu uğrunda mübarizədə bizə ziyan vurmayacaq. “Neftçi” indi bizdən 1 xal geri qalır. Ancaq qələbə qazansaydıq, bu xal fərqi 3 ola bilərdi... Qarşıdakı 2 həftə ərzində çox şeyə aydınlıq gələcək. Hesab edirəm ki, məhz bundan sonra çempionatda liderlik mövqeyini qoruyub saxlaya bilməyimiz bilinəcək”.

25 yaşlı qolkiper ölkəmizdə səviyyəli futbolun oynadıldığını bildirib: “Qarabağ”ın qarşılaşmaları zamanı oyunların çoxusunda rəqiblər hücum futbolu nümayiş etdirir. Bu mənə “Jelezniçar”da olduğum vaxtları xatırladır. Onda da qapıda olduqca çox işim olurdu. Azərbaycanda səviyyəli futbol oynayırlar”.

2011-2013-cü illərdə “Mersin İdman Yurdu”ya məxsus olmuş qapıçı “Qarabağ”ı Türkiyə klubundan üstün tutub: “Qarabağ” bu mövsüm Avroliqada 3 mərhələ keçdi və yalnız “Ayntraxt” tərəfindən çıxarıldı. Frankfurtda bu komandanın səviyyəsi haqqında danışılırdı. “Neftçi” əvvəllər Avroliqada oynamış komandadır... Burda hər komandanın bir neçə səviyyəli futbolçusu var. Xüsusi vurğulayaraq qeyd etməliyəm ki, “Jelezniçar”dan sonra keçdiyim “Mersin İdman Yurdu”ndan fərqli, yeni klubum olduqca çox peşəkar klubdur. Məşq etmək üçün şərait fenomenaldır. Belə şəraitdə nəticə verməmək olmaz”.

Qeyd edək ki, “Mersin İdman Yurdu”nda 36 oyun keçirən Şehiç Türkiyədən problemli şəkildə ayrılıb.