“Sumqayıt”ın etiraz etməyə ixtiyarı yoxdur, qolu əllə vurublar”
02.12.2013 - 11:32
“Sumqayıt”ın etiraz etməyə ixtiyarı yoxdur, qolu əllə vurublar”
“Kamran Quliyev artıq özü məsələyə aydınlıq gətirib, mənim əlavə nəsə söyləməyimə gərək yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” matçında qalmaqal yaşandı. Meydan sahibləri 1:2 hesabı ilə uduzduqları görüşdə baş hakim Fariz Yusifovun idarəçiliyindən narazı qalıblar. Sumqayıt klubunun prezidenti Kamran Quliyev
bu idarəçiliyin Azərbaycan futbolunun, PFL-in, AFFA Hakimlər Komitəsinin adına ləkə olduğunu bildirərək, komandanı çempionatdan çıxaracağını açıqlayıb.

Musayev əməkdaşımızla söhbətində bildirib ki, “Sumqayıt”ın Premyer Liqada çıxışını dayandırmasından söhbət gedə bilməz: “Artıq klub prezidenti həmin sözü emosionallıqla əlaqələndirib. “Sumqayıt” ölkə çempionatında çıxışını davam etdirəcək”.

“Sumqayıt” matçın 89-cu dəqiqəsində “Neftçi”nin qapısına verilməyən penaltidən və bu epizoda etirazını bildirən kapitan Samir Abasova göstərilən qırmızı vərəqədən şikayətçidir: “Hakim epizodu daha yaxşı görür və daha yaxşı qiymətləndirir. Belə bir söz var – penalti vermək olar da, olmaz da. “Sumqayıt”ın etiraz etməyə ixtiyarı yoxdur. Çünki onlar bərabərlik qolunu əllə vurublar. Baş hakimin hər hansı bir qərəzi olsaydı, elə həmin qolu saymazdı. Məsələ ondadır ki, meydan sahiblərinin qol epizodu çox sürətli alınıb və hakimlər həmin anı qaçıra bilərlər. Doğurdan da qolun əllə vurulduğunu video görüntüyə baxan zaman da müəyyənləşdirmək çox çətindir”.

Qalmaqallı matçlarla bağlı digər məqam yol verilən təhqirlərlə bağlıdır. Belə ki, “Sumqayıt”ın prezidenti Kamran Quliyev AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu təhqir edib və onun işlətdiyi ifadə mətbuata öz əksini tapıb.

Sumqayıt klubunun kapitanı Samir Abbasov isə görüşün baş hakimi Fariz Yusifovun onu ağır söyüşlərə “qonaq etdiyini” açıqlayıb: “Kamran Quliyev o tərbiyənin sahibi deyil. Heç vaxt elə söz işlətməz. Həmçinin, baş hakimin futbolçunu söyməsində də inanmıram. Əgər referi oyunçunu ağır söyüşlərlə təhqir etsəydi, orada başqa hadisələr baş verərdi. Mətbuatda bu yöndə gedən açıqlamaları oxumamışam, xəbərim yoxdur. Bu cür məsələləri araşdırıb, cəza tətbiq etmək səlahiyyəti AFFA İntizam Komitəsinə aiddir”.