[b]240-cı sınaq[/b]
09.06.2018 - 00:15
[b]240-cı sınaq[/b]

Azərbaycan millisi iyunun 9-da növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız 2018-ci ildə 6-cı dəfə matçına çıxacaq.

 

Komandamız Latviya ilə üz-üzə gələcək. Görüş Riqadakı “Dauqava” stadionunda baş tutacaq.  Yığmamız bunadək 2018-ci ildə 5 oyunda qüvvəsini sınayıb.

 

Yanvarın 30-da Moldova, martın 27-də Makedoniya ilə Türkiyənin Antalya şəhərində qarşılaşan Qurban Qurbanovun yetirmələri qonşu ölkədə heç-heçələri sıralayıb. İlk görüş qolsuz bitibsə, digərində tərəflər hərəyə 1 dəfə fərqlənib. Martın 23-də Bakıda təşkil olunan sınaqda isə millimiz Belarusa uduzub – 0:1. Son iki matç isə böyükhesablı nəticə ilə diqqət çəkib. Evdə Qırğızıstanı 3 cavabsız qola qonaq edən millimiz Qazaxıstanda eyni acınacaqlı duruma düşüb. 

 

Bu, komandamızın 26 illik tarixində 240-cı matç olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 239 qarşılaşmada meydana çıxıb.

 

Bu qarşılaşmayadək 45 qələbə qazanan yığma 64 dəfə heç-heçə edib və 130 məğlubiyyət alıb. Millimiz bu matçlarda 174 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 405 qoluna üzülüb.

 

Komandamız yoldaşlıq oyunları, o cümlədən bu xarakter daşıyan mini turnirlərdə 122-ci sınağına çıxacaq. Bunadək yığmamız 121 belə görüş keçirib. Hesabında 32 qələbə və 41 heç-heçə olan yığma 48 dəfə uduzub. 109 qol vuran milli öz qapısından 154 qol buraxıb.

 

Latviyayla görüş yığmamızın baş məşqçisi Qurban Qurbanovun bu postda 6-cı sınağı olacaq. O, komandan bu il keçirilən 5 matça çıxarıb. Millimiz həm bu il, həm də Qurbanovun rəhbərliyi altında 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət yaşayıb. 4 qol vuran futbolçularımız 5-ni buraxıb.

 

Riqadakı oyun Azərbaycan yığmasının 119-cu səfər sınağı olacaq. Rəqib meydanlarında 11 qələbəsi olan millimiz 25 dəfə heç-heçə edib, 82 dəfə uduzub. Komandamız top fərqində də geridədi – 63:267.