Son iki oyunda 5 xal itirməklə çempionluq xəyalını çətinə salan “Neftçi”ni daha bir ağır sınaq gözləyir.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XXIII turunda “Zirə” ilə üz-üzə gələcək.
Ölkənin ən titullu komandası son 5 matçda rəqibinə qalib gəlməyib. “Ağ-qaralar”ın son uğuru 2019-cu il oktyabrın 20-nə təsadüf edib.
Yarımçıq başa çatdırılan ötən mövsümün II dövrəsində 3:0 hesablı darmadağına sevinən “Neftçi” o vaxtdan sindrom yaşayır.
Cari mövsüm komandalar 5 dəfə görüşüb. Bunlardan üçü çempionat, ikisi kuboka təsadüf edib.
5 matçdan heç birində birdən çox qol olmayıb və ümumilikdə cəmi 3 qol vurulub. Premyer Liqada səfər, kubokda isə ev oyununda 0:1 hesabı ilə uduzan “Neftçi” digər iki qarşılaşmada qolsuz sülhlə barışıb.
Son 5 qarşılaşmada qol və qələbə görməyən “Neftçi” iki gündən sonra uğursuz seriyalara son qoymağa çalışacaq. Bakılılar bunu bacarsa, həsrət 545 gündən sonra bitəcək.