Müqəddəs Ramazan ayı müsəlmanlara Tanrı tərəfindən lütf edilmiş ən gözəl nemətlərdən biridi. Bu ayda möminlər oruc tutaraq nəfslərini sınayır, mənəvi paklanma ilə bərabər fiziki olaraq təmizlənmə yolunu seçirlər. Ramazanın ən gözəl tərəflərindən biri də iftar süfrələridi.
İstər ayrı-ayrı şəxslər, istərsə də müxtəlif təşkilatlar, qurumlar oruc tutan, dinin tələblərinə əməl edən insanları bir yerə yığaraq onları iftar süfrəsində cəm edir, həm savab qazanır, həm də mehribanlıq yaradırlar.
“Neftçi” də bu tendensiyadan yan keçməyib. Son vaxtlar adı daha çox qalmaqallarla anılan, əsasən rəhbərliyinin verdiyi qeyri-adi qərarlarla gündəmə gələn paytaxt klubu idman jurnalistlərini iftar süfrəsinə çağırıb. Klubun prezidenti Kamran Quliyevin şəxsi təşəbbüsü ilə təşkil olunan məclisə media nümayəndələri dəvət olunublar.
Bura qədər hər şey normaldı. Amma...
Məsələ burasındadı ki, bu müqəddəs ayda insanları iftara yığan həmin Quliyev ilin əvvəllərində “Neftçi”nin prezidenti seçilməsindən sonra jurnalistlərə verdiyi ilk müsahibə münasibətilə “Bibi”də yeyib-içmək təşkil etmişdi. Bir gecənin içində birdən-birə ölkənin ən qədim, ən titullu klubuna prezident təyin olunan Kamran bəy o qədər sevincək olmuşdu ki... Fevralda yeyib-içmək, iyunda iftar. Paradoksaldı, deyilmi?
Düzdü, Quliyev məclisə 6 manatlıq “Banketnaya”nın gətirilməsindən xəbərsiz olduğunu deyə, iddia edə bilər. Bəlkə də haqlıdı, bununla işimiz yox, amma həqiqətən də iftar təşkil edib, özünü Allah adamı kimi göstərmək istəyən şəxsin içində Allah sevgisi olmalıdı.
Komandanı 4 il sonra avrokuboklara çıxaran məşqçinin işinə müdaxilə etmək, səhər “mövsümün sonunadək Əhmədova dəstək verəcəyik”, deyib, günorta sosial şəbəkədə “getsin”ə səs vermək Əhmədovun haqqına girmək deyilmi?
Əhmədovun köməkçilərindən biri, Rauf Salamov kimi dəyərli bir insanı, dava-dərmanın qiymətlərinin “od tutub yandığı” bir zamanda evində ağır xəstəsi, hər saniyə ömür-gün yoldaşının ölüm xəbərini eşidəcəyi ilə yaşayan məşqçini işsiz qoymaq, onun haqqına girmək deyilmi?
Əhmədovun, eləcə də Novruz Əzimov, İqor Getman, inzibatçı Pərviz Əhmədovun da Allahı, ailəsi var və bütün bunları Allah görür. İftar verməklə çox adamı aldatmaq, müsbət görüntü yaratmaq mümkündü, amma Tanrıya “nömrə gəlmək”...
Çox uzatmayaq, məni düşündürən budu: necə olur ki, dünənə kimi “yeyib-içən” oğlan imici formalaşdırmış birisi birdən-birə dönüb mömin olmağa qərar verdi?
Maraqlı sualdı, mən hələ də cavabını tapa bilmirəm.