80, yoxsa 52?
28.03.2022 - 16:19
80, yoxsa 52?

Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Latviya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Maltadakı matç komandamızın tarixində 278-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 277 matça çıxıb.

Bu müddətdə 51 qələbə və 75 heç-heçəyə nail olan yığma 151 dəfə uduzub. Əvvəlki 277 qarşılaşmada 205 qol vuran futbolçularımız 463 top buraxıb.

Maltadakı matç yığmamızın 132-ci yoldaşlıq oyunu olacaq. Qeyri-rəsmi beynəlxalq turnirlər və yoxlama görüşləri çərçivəsindəki əvvəlki 131 matçda komandamız 35 qələbə qazanıb, 44 heç-heçə edib və 52 dəfə uduzub. 79 dəfə azarkeşlərini üzməyən milli 80-ci məğlubiyyətsiz görüşün astanasındadır. Rəqib qapısından 121 top keçirən futbolçularımız 166-nı buraxıb.

Latviya ilə sınaq baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 22-ci sınaq olacaq. İtaliyalı mütəxəssis indiyədək yığmanı 21 matça çıxarıb.

Bu görüşlərdə 2 qələbə və 6 heç-heçəsi olan millimiz 13 dəfə uduzub. 13 qol vuran komanda 31 top buraxıb.

İtaliyalı ilə 8-ci yoxlama xarakterli qarşılaşmaya çıxan milli 1 qələbə əldə edib. 2 heç-heçə və 4 məğlubiyyəti olan yığmamız 6 qol vurub, 9-nu buraxıb.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.