“Fasilədən sonra futbolçular üçün ilk oyun ağır keçir".
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə”yə 0:4 hesabı ilə məğlub olduqları ilk oyundan sonra deyib.
41 yaşlı mütəxəssis qarşılaşmanın ardından “CBC Sport”a açıqlamasında fikrini bu sözlərlə davam etdirib: “Heyətimiz geniş deyil. Üstəlik, bir neçə futbolçumuzun səhhətində problem var idi. Mirsayib Abbasovun yoxluğu da koronavirusa yoluxması ilə bağlı idi. Buna rəğmən qol epizodları baxımından geri qalmadıq. 4-5 qol imkanımız oldu. Bəlkə dəyərləndirsəydik, nəticə fərqli ola bilərdi. Ancaq yenə də "Zirə" qələbəyə layiq idi. Daha təcrübəli komanda qalib gəldi. Az da olsa ümid qalır. Cavab matçında ilk hissədəki qol epizodlarından yararlanıb-yararlanmamağımızdan çox şey asılı olacaq. Futbolçular üçün çox çətindir".
Hacıyev heyətə yeni oyunçuların cəlb olunmasının vacibliyini vurğulayıb: "Heyətimizi gücləndirmək yox, doldurmaq barədə düşünürük. Yəqin ki, çempionatın qalan hissəsini əvəzedici heyətlə davam edəcəyik. Tural Bayramlı hazırlığı bizimlə birgə keçirdi. Ancaq klubu "Pierikos"la danışıqlarda problem yaşandı. Hətta bizim də onun klubu ilə danışıq cəhdimiz uğurlu olmadı".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 13-də keçiriləcək.