Amil Yunanov: “Onun meydanda olması insana rahatlıq verir” - MÜSAHİBƏ
02.02.2021 - 12:29
Amil Yunanov: “Onun meydanda olması insana rahatlıq verir” - MÜSAHİBƏ

“Səbail” klubunun hücumçusu Amil Yunanovun apasport.az saytına müsahibəsi

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sumqayıt” üzərində qələbə qazandınız. Cavab görüşü öncəsi üstünlüyünüz nə qədərdir?
- Çox maraqlı oyun alındı. Amma nəzərə alaq ki, 1:0 hesablı qələbə qazanmışıq. Bunun böyük üstünlük olduğunu düşünmürəm. Biz sadəcə mərhələnin ilk duelindən qalib ayrılmışıq. Cavab görüşünə də eyni ciddiyyətlə hazırlaşacağıq.

- Qələbə qolunun müəllifi oldunuz. Kubokda yenidən fərqlənmək necə hiss idi?
- Təbii ki, çox sevincli an idi. Əsas odur ki, komandamın qələbəsinə töhfə verə bildim. Bunun davamını gətirmək üçün əlimdən gələni edəcəyəm.

- Bir epizodda da yaxın məsafədən qapıçını məyus edə bilmədiniz. Mərhələni keçə bilməsəniz, həmin ana görə peşmanlıq hissi yaşamayacaqsınız?
- Doğrudur, ikinci qola çox yaxın oldum. Əlbəttə, top qapıdan keçsəydi, səfərdə 2:0 hesablı qələbə qazanacaqdıq ki, bu da əla olardı. O epizodun qolla nəticələnməməsi məni məyus etdi. Ancaq yenə də qalib gəldiyimiz üçün sevincliyəm. Ümumiyyətlə, mən şans qazandığım zaman komandamın qələbəsi üçün hər zaman əlimdən gələni edirəm. Daim hazır olmağa çalışıram. Rauf Əliyevə, yoxsa mənə şans verməyə gəlincə, bununla bağlı son söz baş məşqçinindir.

- Yəqin razısınız ki, ölkə kubokundan Avropa Liqasına yollanmaq ehtimalınız Premyer Liqa ilə müqayisədə nisbətən çoxdur?
- Avrokuboka yollanmağın ən qısa yolu kubokdan keçir. Amma nəzərə alaq ki, burada da cəmi bir komanda belə şans əldə edir, o da turnirin qalibi. Çətin olacağını bilirik. Ancaq yenə də hər iki cəbhədə mübarizəmizi sona qədər aparacağıq.

- Kubokun cavab matçından sonra Premyer Liqanın XVI turunda da “Sumqayıt”la qarşılaşacaqsınız. Eyni rəqiblə ardıcıl oynamaq bezdirici olmur?
- Təbii ki, bezdirici kimi görünə bilər. Eyni rəqiblərlə tez-tez qarşılaşmaq bir az yorucu olur. Amma bu bizim işimizdir. Rəqibin kimliyindən asılı olmayaraq, daim meydana qələbə üçün çıxırıq.

- Kamran Ağayev də uzun fasilədən sonra dünən ilk oyununa çıxdı. Onun meydanda olmasının sizin üçün bir fərqi var idi?
- Əlbəttə ki, var idi. Düzdür, matçdan əvvəl hamı çox ciddi idi, yalnız hazırlaşmaq barədə düşünürdü. Ancaq Kamranın meydanda olması insana rahatlıq verir. Arxayın olursan ki, qapıda etibar edəcəyin bir şəxs dayanıb. Kamran Azərbaycan futbol tarixinin ən yaxşı qapıçılarından biridir. İnanıram ki, əvvəlki formasını tezliklə bərpa edib yenidən milliyə qayıdacaq.

Ruslan Sadıqov
 

0