Ən çox futbolçu ixracı ilə məşğul olan ölkə şübhəsiz ki, Braziliyadır.
Apasport.az saytının məlumatına görə, bəlkə də, elə bir çempionat tapılmaz ki, orada braziliyalı oyunçu olmasın.
Elə buna görə də, tarix boyu bu ölkədən saysız-hesabsız ulduzlar çıxıb. Ancaq təbii ki, hər braziliyalının Avropada uğurlu olacağına zəmanət yoxdur.
Azərbaycanda isə “sambaçı”ların sayı ildən-ilə azalır. Hazırda Premyer Liqamızda milliləşmiş Riçard Almeyda ilə birlikdə 7 braziliyalı var. Ancaq onlar hələ ki, özlərini Cənubi Amerikanın bu ölkəsinin təmsilçisi kimi deyil, azərbaycanlı futbolçu kimi aparırlar. Çünki səviyyəcə digərlərindən heç də fərqlənmirlər.
Son 5 ilə nəzər yetirdikdə isə ölkəmizdə Eriko da Silva, Renan Telles (hər ikisi “Səbail”), Dedimar Fereyra (“Kəpəz”), Denilson Pereyra və Conas Pesalli (hər ikisi “Neftçi”) kimi fiasko braziliyalı transferlərini görərik. Hətta Dario Frederikonun “Neftçi”yə, Reynaldo Silvanın isə “Qarabağ”a dönüşü uğursuzluqla nəticələnmişdi.
Avropanın böyük futbol ölkələrinə gələn braziliyalılar arasında da fiasko kimi qələmə verilənlər mövcuddur. Ölkəsindəki uğuru “köhnə dünya”ya daşıya bilməyən bəzi “sambaçı”lara göz gəzdirək.
Karlos Alberto
“Porto”nun Avropa səhnəsində zirvəyə yüksəldiyi dönəmdə şəxsən Joze Mourinyonun transfer etdiyi Karlos Alberto portuqaliyalının ayrılması səbəbindən ölkəsindəki kimi parlaq çıxış edə bilmədi. Braziliyaya qayıdaraq “Korintians”da əvvəlki formasını yenidən bərpa edən pleymeykerin “Verder”lə Avropadakı ikinci cəhdi də alınmadı.
Qabriel Barbosa
Qolçuluq bacarığı səbəbindən Qabiqol kimi tanınan forvard 29,5 milyon avroya keçdiyi “İnter”də cəmi 9 oyuna çıxdı, 1 qol vura bildi. “Benfika”ya icarəyə yollansa da, orada, demək olar ki, meydana çıxmayan futbolçu hazırda ölkəsində qolları sıralamaqla məşğuldur. Qabiqolun cəmi 25 yaşı olduğundan, onun hələ də Avropada özünü təsdiq etmək imkanı var.
Kayo Ribeyro
1995-ci ildə gənclər arasında dünya çempionatının bombardiri olması onun “İnter”ə yolunu açdı. Amma “neradzurra”nın heyətində bir mövsüm ərzində cəmi 6 matçda iştirak etdi. Ardından “Napoli”də daha çox şans qazanmasına baxmayaraq, qol vura bilmədi. 1996-cı ildə KONKAKAF kubokunda Braziliya yığmasının heyətində yer aldı, 4 oyunda 3 qol vurdu. Ribeyro ölkəsinə qayıtdıqdan sonra müntəzəm iştirak etsə də, əvvəlki formasından uzaq düşdü.
Qanso
Yarımmüdafiəçi “Sevilya”ya keçməzdən əvvəl Amerika Kuboku turnirində Braziliya yığmasının heyətində yer alırdı. “Sevilya”da 3 mövsüm keçirsə də, ondan gözlənilən parlaq çıxışı göstərə bilmədi. Nəticədə “Amyen”ə icarəyə verildi. Hazırda “Fluminense”də əvvəlki formasını bərpa etməyə çalışır.
Kleberson
DÇ-2002-də Braziliya yığmasında Ronaldo, Rivaldo, Ronaldinyo kimi ön xətt oyunçuları var idi. Onlar müdafiəyə kömək etməsələr də, bu işi üzərinə götürən Kleberson bütün boşluqları doldura bilirdi. 2003-cü ildəki Konfederasiya Kubokundan sonra “Mançester Yunayted”ə keçən dayaq yarımmüdafiəçisi orada iki mövsüm qala bildi. İki il də “Beşiktaş”da oynayan futbolçunun performansı ürəkaçan olmadı.
Vampeta
2002-ci ildəki mundialda Braziliya yığmasının heyətində yer alan Vampeta bunu ölkəsindəki parlaq çıxış sayəsində bacardı. 1994-cü ildə PSV-yə keçməklə Avropaya ilk addımını atdı. İlk cəhdi uğursuz alınınca vətənə qayıtdı. “Korintians”dakı uğurlu çıxışı bu dəfə “İnter”ə yollanmasını şərtləndirdi. Ancaq İtaliya klubunda cəmi 1 matçda iştirak edə bildi. PSJ-də də cəmi 7 görüşdə meydana çıxan oyunçu 2001-ci ildə Braziliyaya döndü və bir daha Avropaya gəlmədi.