"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun Serbiya "Çukariçki"si ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin səfər oyunu öncəsi apasport.az saytına müsahibəsi
- Təlim-məşq toplanışı başa çatdı. Yəqin ki, rəqibi də az-çox tanıyırsınız...
- Əlbəttə, hər iki komanda bir-birini tanıyır. Onların üstünlüyü odur ki, çempionatda bir tur oynayıblar. Bunun bizə də xeyri oldu ki, rəqibi rəsmi oyunda gördük. İki heyətə malik yaxşı komandadır. Biz də hazır olmağa çalışmışıq. Düzdür, bir az çətinliklərimiz, zədəlilərimiz var idi. Şükürlər olsun ki, artıq sağalıblar. Səfərə yaxşı nəticə üçün gedirik.
- İlk oyun öncəsi əsas problem hansı mövqelərlə bağlıdır? Ümumiyyətlə, transfer dönəminin bura qədər olan hissəsi istədiyiniz kimi keçdimi?
- Bilirsiniz ki, transferlərimizi yalnız yerli bazarda həyata keçirdik. Hücum, yarımmüdafiə və müdafiə xəttinə yeni oyunçular gətirmək istəyirik. Bunda müəyyən gecikməmiz olur. Əsas odur ki, heyətimizi qorumuşuq. Zədə olmasa, indiki məqamda heyətlə bağlı problem yoxdur. Amma gələcəkdə güclənməyə ehtiyacımız var.
- Mərhələ keçmək təcrübəniz var. Bu amil qarşıdakı oyunlarda sizə kömək edə bilərmi?
- Əlbəttə, həm "Zirə"də, həm də "Sumqayıt" avrokubok təcrübəsi yaşamışam. Komandamız həmin ab-havanı hiss etdiyi üçün indi daha rahatdır. "Çukariçki" də bizə uyğun rəqibdir, gücünü bilirik. Oynamaq olar. Əlimizdən gələni edəcəyik.
- Əvvəlki illərdən fərqli olaraq, "Sumqayıt" bu dəfə heyətin özəyini qoruya bilib. Bu mənada, komandanın öz oyun üslubuinu inkişaf etdirmək imkanı var...
- Hazırda bizim əsas üstünlüyümüz budur. Amma komandada rəqabətin, oyunçuları əvəz edə biləcək ehtiyat qüvvənin olması önəmlidir. Ötən mövsümdəki oyunumuzu daha da inkişaf etdirməliyik. Hər şeyi gələcək göstərəcək.
- Sizcə, hazırkı heyət mərhələni keçmək üçün kifayət edəcəkmi? Çünki elə mövqelər var ki, məsələn, hücum xəttində cəmi 1 oyunçunuz var...
- Bu heyətlə Konfrans Liqasında bir-iki oyun keçirmək bizə çətinlik yaratmaz. Amma çempionatda bu kollektivlə çətin olacaq. Çünki komandada əsasən gənclərdir. 3 futbolçu götürə bilsək, çempionatda da öz oyunumuzu oynayacağıq.
- Artıq bir-iki komandamızda koronavirusa yoluxma halları aşkarlanıb. Bu amil sizi narahat etmir?
- Əlbəttə, narahat edir. Bilirsiniz ki, ötən il çox əziyyət çəkdik. Bir tərəfdən çempionata hazırlaşmağın stressi, digər tərəfdən də koronavirus. Türkiyədə yoldaşlıq oyunu öncəsi testlər verdik. Şükürlər olsun, heç kimdə virus çıxmadı. Amma bu təhlükə davam edir və hər an hər şey ola bilər.
- Səfər qolu qaydasının ləğv olunmasının komandanız üçün hər hansı üstünlüyü varmı?
- Əvvəl ilk oyun səfərdə olanda qol buraxmamağa və ya ən azı bir qol vurmağa konsentrasiya olurduq. Bilirdik ki, evdə üstünlüyümüz olacaq. İndi o psixologiya yoxdur. İki oyunun nəticəsinə köklənmişik. Komandanı da buna uyğun hazırlayırıq.
- Heyətdə zədəli, ötən mövsümdən cəzası qalan futbolçu varmı?
- Yalnız Tellur Mütəllimov ötən mövsüm aldığı qırmızı vərəqə görə ilk oyunu buraxacaq. Qalan futbolçularımızla bağlı vəziyyət qaydasındadır.
- Yəqin, səfərdə də koronavirus testi verəcəksiniz...
- Bəli, burada da test verdik, orada da analiz götürüləcək.