Azərbaycan çempionuna daha 4 mümkün rəqib
18.04.2022 - 09:54
Azərbaycan çempionuna daha 4 mümkün rəqib

Çempionlar Liqasının 2022/23 mövsümünə I təsnifat mərhələsindən başlayacaq daha 4 klubun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu komandalar hələ bəlli olmayan Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirində mümkün rəqibləridir.

“Slovan” Slovakiyada, “Linkoln” Cəbəllütariqdə, “Zrinski” Bosniya və Herseqovinada, “Lüdoqorets” Bolqarıstanda çempion titulunu qazanıb. Ölkə çempionatında qazanılan qızıl medallar onları Çempionlar Liqasının I təsnifat mərhələsinə daşıyıb.

Yeni komandaların bura vəsiqə qazanması səbətlərin tərkibinə də təsir edib. Bolqarıstan və Slovakiya çempionları səpələnmişlər səbətinə daxil olub. Digər iki yeni komandanın səbət dəqiqləşməyib. Əvəzində Latviya təmsilçisi RFS səpələnməmişlər sırasında ikinci komanda olub.

Bununla da mərhələdə iştirakı dəqiqləşənlərin sayı 15-ə çatıb. Onlardan 6-sı, həmçinin Yunanıstanda qızıl qazanacaq komanda səpələnmiş, 2-si səpələnməmişlərdən olacaq.

Azərbaycan çempionu hələ rəsmiləşmədiyindən hansı səbətdə yer alacağı bəlli deyil. Qızıl medalların bir addımlığında olan “Qarabağ” möcüzəyə imkan verməsə səpələnmiş olacaq və bu səbətdəki komandalarla yalnız növbəti raundlarda görüşə bilər. Son çempion “Neftçi” mümkünsüz görünəni reallaşdıra bilsə və titulunu qorusa, yer alacağı səbət hələ bilinməyəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Bodo Qlimt” (Norveç)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
Yunanıstan çempionu

Səpələnməmiş
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)

Qeyri-müəyyənlər
“Jalgiris” (Litva)
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Şaxtyor” (Belarus)
“Klasksvik” (Farer adaları)
“Tobol” (Qazaxıstan)