Azərbaycan futbolu üçün fiasko ili
14.12.2019 - 11:19
Azərbaycan futbolu üçün fiasko ili

Azərbaycan üçün avrokubok macərası ardıcıl 6-cı il dekabrda yekunlaşdı. İlk dəfə böyük ümidlərlə başlayan qrup mərhələsi, bəlkə də, ən uğursuz formada bitdi.

Ardıcıl 6 ildir Avropa arenasında dekabra qədər mübarizəni davam etdirən "Qarabağ"ın son tur oyunu ilk dəfə bu qədər mənasız və lazımsız idi. Qrupdan çıxmaq məsələsinin üstündən xətt çəkilib və üstəlik, rəqib qitənin ən zəif ölkələrindən birinin nümayəndəsi idi. Bu mənada gecə yuxusuna haram qatmaq istəməyən azarkeşlərin tribunaları boş qoymalarına haqq qazandırmaya bilmirsən.

Qurban Qurbanovun komandası üçün qrup macərası 2014-15 mövsümündə başlamışdı. Debüt ilində komandanın qrupdan çıxmasına hakimlər imkan vermədi. Ağzına qədər dolu tribunalar önündə İtaliya "İnter"i ilə qolsuz bərabərlik hamını şoka salmışdı. Çünki son dəqiqədəki təmiz qol qeydə alınsaydı, pley-off gəlirdi. Növbəti mövsüm son tur Belçika səfərində olmuşdu. Evdə "Anderlext"ə qalib gələn "Qarabağ" bunu səfərdə də təkrarlasaydı, qrupdan çıxırdı, ancaq alınmadı. Üçüncü mövsümdə də ümid axıra qədər "ölmədi". "Qarabağ" Bakıda "Fiorentina"nı məğlub etsəydi, ikinci yeri tutacaqdı.

2017-18 mövsümündəki Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq, "Atletiko", "Roma", "Çelsi"nin yer aldığı "ölüm qrupu"na düşmək ayrı bir həyəcan idi. "Qarabağ" ötən mövsüm isə son turu "Arsenal"a qarşı London səfərində keçirdiyindən, azarkeşlərin formal matça getmək kimi məcburiyyəti yox idi.

Azərbaycan çempionu ilk 3 ilində "İnter", "Sent-Etyen", "Dnepr"; "Anderlext", "Tottenhem", "Monako"; "Fiorentina", PAOK, "Slovan" olan qruplarda şansını son tura qədər saxlaya bilmişdi. Ötən mövsüm isə "Arsenal", "Sportinq" və "Vorskla"nın qərarlaşdığı qrup çox çətin idi. Amma bu mövsüm...

Cari mövsümdəki rəqiblərdən yalnız "Sevilya"nı ayrı yerə qoymaq lazımdır. "Düdelanj"ı indiyə qədər qarşılaşdığımız rəqiblərin heç biri ilə eyni tərəziyə qoya bilmərik. APOEL-i isə "Qarabağ"ın son 6 ildə qruplarda üz-üzə gəldiyi ən zəif hesab edilən komandalarla - "Slovan"la, "Voskla" ilə müqayisə etmək olar.

Təmsilçimiz düşdüyü ən zəif qrupda 5 xal topladı. Hansı ki, bunun 4-nü qrupa qədər irəliləməsi belə, şans olan "Düdelanj"dan aldı. Çempionlar Liqasının "ölüm qrupu"nda qazanılan 2 xalı əminliklə bundan daha dəyərli saymaq olar. 3 xal qazanılan ötən mövsüm qrupda "Sportinq" və "Arsenal" kimi böyük klublar var idi. Bu komanda hətta "Tottenhem", "Monako" və "Anderlext"in yer aldığı qrupda 4 xal toplaya bilmişdi.

İndi siz deyin, bütün bunların fonunda "Qarabağ"ın cari mövsümdəki qrup performansı fiasko deyil, bəs nədir? Ümumilikdə başa çatmaqda olan 2019-cu il Azərbaycan futbolu adına yada salmaq istəməyəcəyimiz qədər uğursuz keçdi. Həvəskar səviyyədə olan çempionat, millinin AVRO-2020-dəki biabırçılığı və "Qarabağ"ın belə bir qrupdakı göstəricisi. Bəlkə də, yığmamızın seçmə mərhələdə topladığı 1 xal "Qarabağ"ın 5 xal yığmasından daha çətin idi. Hər halda, millinin qrupunda "Qarabağ"ın 4 xal aldığı "Düdelanj" səviyyəsində komanda yox idi. Rəqiblərə və güc nisbətlərinə baxdıqda, hər ikisinin qrupdakı çıxışına sıfırın altında qiymət düşür.

0
Azərbaycan futbolu Qarabağ fiasko