Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Latsio” ilə keçirilən oyun “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, gənc hücumameyilli oyunçu komandasının ikinci topunun müəllifi olmaqla bu turnirdə qol vuran ən gənc ingilis futbolçu rekordunu ələ keçirib.
Start heyətində meydana daxil olan Musiala 10 il əvvəlki rekordu yeniləyib.
Bəs görəsən, ÇL-də qol vuran ən gənc ingilis futbolçular hansılardır? İlk “7-lik” aşağıdakı kimidir.
1. Camal Musiala: 17 yaş 11 ay, 28 gün
Atası almaniyalı, anası isə nigeriyalı olan “Çelsi”nin yetirməsi “Latsio” üzərində böyükhesablı qələbəyə qolla töhfə verib.
2. Aleks Oksleyd-Çamberlayn: 18 yaş, 1 ay, 13 gün
Arsen Vengerin gənclərə verdiyi önəmin meyvəsi olaraq bu siyahıda 3 “Arsenal”lı yer alır. Onlar arasında ən gənc yaşda fərqlənən Oksleyd-Çamberlayn 2011-ci ildə “Olimpiakos”la qarşılaşmada qol vuraraq siyahıya 10 il başçılıq edib.
3. Cedon Sanço: 18 il, 6 ay, 29 gün
Sanço iki gün əvvələ qədər ölkəsindən kənarda bir klubun heyətində Çempionlar Liqasında ən gənc yaşda qol vuran ingilis futbolçu idi. Dortmund “Borussiya”sının vingeri 2018-ci ildə “Atletiko”nu 4:0 hesablı ilə məğlub etdikləri matçda rəqibi mərkəzə dəvət edənlərdən olub.
4. Teo Uolkott: 18 il, 7 ay, 7 gün
Vengerin kəşflərindən biri də Uolkott olub. Hücumçu 2007-ci ildə “Arsenal”ın “Slaviya”nı 7:0 hesabı ilə üstələdiyi görüşdə vurduğu qolla rekordu ələ keçirmişdi.
5. Fil Foden: 18 il, 9 ay, 12 gün
“Mançester Siti”nin aşağı yaş qrupundan yetişən Fiden ulduzların yer aldığı komandada vurduğu həmin qolla özünə yer etməyi bacarıb. O, “şəhərlilər”in “Şalke”yə 7:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 6-cı qolunun müəllifi olub.
6. Cek Uilşir: 18 il, 9 ay, 17 gün
Ardıcıl zədələrlə karyerasında böyük eniş yaşayan Uilşir 2010-cu ildə “Arsenal”ın heyətində Donetsk “Şaxtyor”u ilə matçda Çempionlar Liqasındakı ilk qol sevincini yaşayıb. “Topçular” həmin oyunda meydanı 5:1 hesablı qələbə ilə tərk edib.
7. Ueyn Runi: 18 il, 11 ay, 4 gün
Runi Çempionlar Liqasındakı matçda ilk qolunu vurmaqla kifayətlənməyib. Çünki 2004-cü ildə “Fənərbaxça” ilə matçda o, het-trikə imza atıb. Bununla Runi ingilislərin ən gənc qolçusu ünvanına sahib çıxmışdı.