DÇ-2022: Püşkatma necə olacaq? – TƏXMİNİ SƏBƏTLƏR
30.03.2022 - 11:14
DÇ-2022: Püşkatma necə olacaq? – TƏXMİNİ SƏBƏTLƏR

DÇ-2022-nin final mərhələsinin püşkatmasına iki gün qalıb.

Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın qruplarının tərkibi aprelin 1-də müəyyənləşəcək.

Dohadakı Sərgi-Konfrans Mərkəzində baş tutacaq püşkatma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu dəfə püşk seçmə mərhələ yekunlaşmamış atılacaq.

Tədbirdə 32 komanda 8 qrupa bölünməli olsa da, iştirakçılardan yalnız 29-u bilinəcək. Digər 3 yer isə pley-offların qaliblərinə veriləcək. Püşkə qatılacaq 29 komandadan da 27-si bilinir. Digər iki yığma bu gecə baş tutacaq KONKAKAF-dakı oyunlarda müəyyənləşəcək.

Püşkatma zamanı komandalar 4 səbətə bölünəcək. Bu, sabah açıqlanacaq FİFA reytinqinə əsasən gerçəkləşdiriləcək.

Mundialın ən yüksək reytinqli 7 komandası 1-ci səbətə daxil ediləcək. Onlar B-H qruplarına bölünəcək. A qrupunun birincisi isə meydan sahibi Qətər olacaq. 

Reytinqdə 8-15-ci olanlar ikinci, 16-23-cü olanlar 3-cü səbətə daxil ediləcək. Ən aşağı reytinqli 5 komanda sonuncu səbətdə olacaq. Qeyri-müəyyən olan pley-offun qalibləri də sonuncu səbətə salınacaq.

Əslində, sabahkı FİFA reytinqi ilə bağlı təxminləri və KONKAKAF zonasının son turunda möcüzə ehtimalının aşağı olduğunu nəzərə alsaq, səbətlərə baxmaq mümkündür. Kosta-Rikanın ABŞ və ya Meksikadan birini geridə qoymaq ehtimalı isə möcüzəyə bərabərdir. 

Təxmini səbətlər isə belə ola bilər:

1-ci səbət
Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
2-ci səbət
Niderland, Danimarka, Meksika*, Almaniya, ABŞ*, İsveçrə, Uruqvay, Xorvatiya
3-cü səbət
Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
4-cü səbət
Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, Ukrayna/Şotlandiya/Uels, Avstraliya/BƏƏ/Peru, Solomon adaları/Yeni Zelandiya/Kosta-Rika*

Püşkatma zamanı konfederasiyalar nəzərə alınacaq. Avropa istisna olmaqla, heç bir qitə təmsilçiləri eyni qrupa daxil edilməyəcək. Hər qrupda ən azı bir, ən çoxu üç komanda UEFA üzvləri olacaq.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
 

0