Azərbaycanda kişilərlə yanaşı, qadın futbolunun da bərbad vəziyyətdə olduğu bir vaxtda dünyanın bir çox ölkəsində vəziyyət tam fərqlidir.
Apasport.az saytının məlumatına görə, “futbol kişi oyunudur” fikri geniş yayılsa da, bunun həqiqətə uyğun olmadığını sübut edən qadın futbolçular da var.
Bu yazıda da karyerası ərzində meydanda kişilərdən heç də geri qalmayan 9 qadın oyunçusu ilə tanış olacağıq.
Aleks Morqan
Morqan ABŞ millisinin heyətində 100-dən çox qol vurub. Böyük istedada malik 31 yaşlı hücumçunun ləqəbi “qadın Messi”dir.

Sem Kerr
27 yaşlı oyunçu iki mövsüm əvvəl ABŞ Milli Liqasında vurduğu 18 qolla rekordu yeniləyib. Bununla diqqətləri üzərinə çəkən Kerr həmin vaxt “Çelsi”yə transfer olunub.

Lüsi Bronz
29 yaşlı Bronz ən yaxşı cinah müdafiəçisi hesab edilir. Elə bunun nəticəsində “Mançester Siti” keçən il “Lion”un liderini böyük məbəğ qarşılığında heyətinə qatıb. Sərtliyi ilə diqqət çəkən Bronz bəzən kobud hərəkətlərə də yol verir.

Meqan Rapino
ABŞ-ın sabiq prezidenti Donald Trampla sosial şəbəkə vasitəsilə mübahisə etdiyi üçün gündəmə gələn 35 yaşlı Rapino ən təcrübəli yarımmüdafiəçilərdəndir.

Ada Heqerberq
Gözəlliyi ilə də diqqət çəkən Heqerberq dünyanın ən təhlükəli hücumçuları sırasındadır. Norveç millisinin oyunçusu 25 yaşı olmasına baxmayaraq, “Qızıl top” mükafatına da layiq görülüb.

Marta
Braziliya millisinin 10 nömrəsi qadın futbolunun ən tanınmış simasıdır. “Qadın Pele” ləqəbi ilə tanınan Marta 2006-2010-cu illərdə 5 dəfə “Qızıl top” mükafatını alıb.

Ebbi Uombak
ABŞ millisinin sabiq futbolçusu karyerasını bitirən əfsanələrdəndir. Yığmanın heyətində 184 qola imza atıb ki, qadın və kişilər arasında millilərdə ən çox fərqlənmiş futbolçudur.

Vivianne Midema
“Arsenal” karyerası möhtəşəm keçən 24 yaşlı Midemanın gələcəyin ən parlaq qadın hücumçusu olacağı proqnozlaşdırılır. Niderlandlı fiziki cəhətdən zəif görünsə də, sürətinə və qolçuluq bacarığına şübhə yoxdur.

Vendi Renar
Fransa millisinin mərkəz müdafiəçisi dünyanın ən stabil oyunçusudur. 30 yaşlı oyunçu illərdir həm “Lion”da, həm də yığmada yüksək performans sərgiləyir.
