Elmar Baxşıyev: "Cütün taleyi bitməyib"
02.02.2022 - 22:00
Elmar Baxşıyev: "Cütün taleyi bitməyib"

“Uzun müddət idi rəsmi oyuna çıxmırdıq. Matçın çətin keçəcəyini öncədən də bilirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la keçirilən oyundan sonra deyib.

“Kapital Bank Arena”da baş tutan qarşılaşmada qonaq komanda 1:0 hesablı qələbə qazanaraq, yarımfinala vəsiqə yolunda önəmli addım atıb. Matçdan sonra təşkil olunan mətbuat konfransında Baxşıyev komandasının çıxışını dəyərləndirib: “Düşündüyümüz o idi ki, komandamız daim topa nəzarət etsin. Dinamik qarşılaşma alındı. Komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Ümumi götürəndə cütün taleyi bitməyib. Qarşıdakı görüş daha ağır olacaq”.

O, komandasının gözlədiyindən də yaxşı təsir bağışladığını söyləyib: “Komanda gözlədiyimizdən daha artığını verdi. Qarşıdakı matçlarda daha məzmunlu oyun göstərəcəyik. Ümumi yorğunluğun olması normaldır. Rəqib də təzyiq göstərirdi. Hesabda öndə idik. Bu da müdafiədə oynamağa məcbur edirdi. Düşünürəm ki, yeni futbolçumuz Patrik də optimal forma yığandan sonra hücumda daha keyfiyyətli olacağıq”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 13-də keçiriləcək.