
"Zirə"nin əvəzedici komandasına göndərilən Elvin Məmmədovun apasport.az saytına müsahibəsi
- "Zirə"nin əsas komandasından ayrılmağınız gözlənilməz oldu. Bunu nə ilə əlaqələndirərdiz?
- Əlbəttə ki, mənim üçün də gözlənilməz oldu. Belə olacağını heç fikirləşmirdim. "Zirə" üçün finala bərabər olan "Səbail"lə kubok görüşündən sonra öz-özümə fikirləşdim ki, yəqin hər şey qaydasında olar. Amma üç gün sonra zəng etdilər və dedilər ki, səninlə yolları ayırmaq istəyirik. Yazılanlar, deyilənlər bəllidir. Daha sonra Zaur Həşimov bildirib ki, futbolçu xoşuna gəlmirsə, taktikasına uyğun gəlmirsə, getməlidir. Bunlar hamısı futbolda normaldır.
- Bəs sizin fikriniz necədir?
- Zaur Həşimov baş məşqçidir. Deyib də. Mən nəsə bildirsəm, Zaur Həşimov yenə nəsə desə məsələ saqqız kimi uzanacaq. Komandada məni istəmədi və ayrılıq oldu. Hər şeyin vaxtı var.
- Zaur Həşimovdan incikliyiniz qalıb?
- Bilirsiz necədir, incisəm də, inciməsəm də fakt odur ki, Zaur Həşimov bu addımı atıb. Bundan sonra mən onun haqda pis və ya yaxşı nəsə desəm... Zatən onu mən bilirəm. Uzatmağa ehtiyac yoxdur. Onunla ikilikdə söhbətimiz də olub. Mən ona nəsə deyim, o, mənə nəsə desin, bunun artıq yeri yoxdur. Artıq bu mövzu qapanıb, onun haqda da danışmaq istəmirəm. Zamana buraxmışam, necə olacağını bilmirəm.
- Komanda ilə müqaviləniz qüvvədədir?
- Bəli. Mənim müqaviləm iki il idi. Oyunların 60 faizini oynasaydım, avtomatik müqavilə yenilənəcəkdi. Lakin dedilər ki, ikinci komandaya get və mən də oraya gedirəm. Futboldur da, hər şey ola bilər, hər kəsin başına gələ bilər.
- Sizi əvəzedici komandalarda görməmişik. Maraqlıdır, bundan sonra necə olacaq, yaya kimi ikinci komandada oynayacaqsınız?
- Karyeram ərzində indiyə qədər hələ ki, belə bir şey baş verməmişdi. Bu da bir ilk idi, yaşadım. Klubun bəlli reqlamenti var, futbolçu da onu həyata keçirməlidir. Çünki müqavilə ilə "Zirə"yə məxsusamsa, bunu etməliyəm. "Zirə-2”nin baş məşqçisi Kamen Vasilyevlə də görüşmüşəm. Hələ ki, ordayam. Amma necə olacağını bilmirəm.
- Bəs maaşınızda necə, dəyişiklik olacaqmı?
- Eyni pulu alacam.
- Təklif olsa, "Zirə" ayrılmağınıza şərait yaradacaq, yoxsa transfer məbləği tələb edəcəklər?
- Klub rəhbərliyi bildirib ki, normal təklifin olsa, getməyinə şərait yaradarıq.
- "Sumqayıt" və "Qəbələ" ilə adınız hallanır. Bu iki klub arasında seçim etməli olsanız, hansı kluba keçərdiniz? Ayxan Abbasovla əvvəllər də işlədiyinizi nəzərə alsaq, "Sumqayıt"a daha çox meyilli olduğunuzu demək olar?
- Ayxan Abbasovla yaxşı günlərimiz olub. Bir epizod var ki, o, mənim yadımdan çıxmaz, mənə çox dəstək verib. Məni istəmələrinə gəlincə, bu sırf klublar arasında olan məsələlərdir. Təklif olarsa, niyə də alınmasın? Bunu zaman göstərəcək, indidən heç nə deyə bilmirəm. Ayxan müəllimlə danışığımız da olmayıb.