AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni məşqçilər korpusu ilə bağlı çalışmalarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, assosiasiya U-21-ə baş məşqçi təyin etmək istədiyi Aleksey Baqanın bir köməkçisini artıq müəyyənləşdirib.
Yayda hazırkı çalışdırıcı Milan Obradoviçi əvəzləməsi gözlənilən “Sumqayıt”ın baş məşqçisinə köməkçi “Səbail”dən təyin olunacaq. Premyer Liqanın autsayderində Aftandil Hacıyevin köməkçiliyini edən Azərbaycan millisinin sabiq futbolçusu Emin Ağayev böyük ehtimalla U-21-in yeni məşqçi korpusunda eyni vəzifəni icra edəcək.
Qeyd edək ki, U-21-in hazırkı baş məşqçisi Milan Obradoviçin müqavilə müddəti AVRO-2023-ün seçmə mərhələsinin sonuna qədərdir və iyunun 14-də keçiriləcək son matçın ardından onunla yollar ayrılacaq.