Fərid Quliyev: “Neftçi”nin çempion olması üçün gərək “Qarabağ” Premyer Liqadan çəkilsin” - MÜSAHİBƏ
03.01.2020 - 21:21
Fərid Quliyev: “Neftçi”nin çempion olması üçün gərək “Qarabağ” Premyer Liqadan çəkilsin” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi

- Sonuncu dəfə 4 il öncə Türkiyənin “Yozqatspor” klubunda oynamısız. Bundan sonra kölgəyə çəkildiz...
- Bəli. Həmin vaxt komandamızın məqsədi üçüncü liqaya çıxmaq idi. Bunun öhdəsindən gəldik. “Yozqatspor” köklü klub idi, Türkiyə Superliqasında belə oynamışdı. Üçüncü liqaya çıxdıqdan sonra onlarla müqaviləm bitdi. Həm də bu liqada yalnız yerli futbolçular oynaya bilərdi. Ona görə də Azərbaycana qayıtdım. Heç vaxt kiməsə özüm müraciət etməmişəm. Amma o vaxt “Kəpəz”in baş məşqçisi Şahin Diniyevlə danışmışdım. Düzdür, onun rəhbərliyi altında heç vaxt işləməmişəm. Amma onun işinə ciddi yanaşdığını, məşq proseslərindən xəbərdar idim. Oynamaq istədiyimi dedim, mənə bildirdi ki, hücumçularım var və bu mövqedə yer yoxdur. İki-üç həftə sonra komandaya elə oyunçular götürdü ki... Əsasən də hücum xəttinə. Məhz bu məsələdən sonra bildim ki, heç Azərbaycanda oynamağa dəyməz. Karyeramı başa vurmağımın daha düzgün olacağını fikirləşmişdim. Düşünürəm ki, karyeramı gözəl anda, gözəl yerdə başa vurdum. Türkiyəyə ikinci gedişim idi. Mənim üçün müsbət tərəfləri çox oldu. “Yozqatspor” mənim üçün əsl təcrübə idi. Yozqatda indiyə kimi məni xatırlayırlar. Bayramlarda klub rəsmiləri, oyunçular təbrik yazır, danışırıq. 

- “Yozqatspor”dan əvvəl “Kahramanmaraşspor”da da çıxış etmişdiz. Türkiyə karyeranız niyə uğurlu alınmadı?
- İki fərqli liqada oynadım. Əslində “Kahramanmaraşspor”da hər şey yaxşı başlamışdı. Bir mövsümdə komandada altı məşqçi dəyişmişdi. Belə yerdə heç bir futbolçunun karyerası da normal ola bilməzdi. Klubda maddi sıxıntılar da var idi. Oradan ayrılmağımın əsas səbəbi də maddi məsələlər idi. Bu klubda cəmi bir dəfə maaş, bir dəfə mükafat ala bildim. Ondan sonra klubdan ayrıldım. Amma Türkiyə birinci liqasında oynamaq, onun atmosferini görmək əla idi. İndi Azərbaycan millisinin futbolçusunu birinci liqada oynayan kluba təklif edirsən, heç istəmirlər. Türkiyəyə öz gücümlə gedib çıxmışdım. Oradakı karyeramın uğursuz alınmasına gəlincə, dediyim kimi maddi problemlər var idi, iki aydan-bir məşqçi dəyişilirdi. Gələn məşqçilər də maddi problemlə üzləşirdi və ona görə də oradan ayrılırdı. Hər məşqçi də gələndə öz futbolçularını gətirirdi. Hər futbolçu da oynayanda matça görə pul alırdı. Orada bir az başqa cürdür. İlk dəfə 28 yaşında legioner həyatı yaşadım. Bundan əvvəllər də Rusiya birinci və yüksək liqa klublarından təklif almışdım. Vaxtilə məni “Samsunspor” istəyirdi. Amma getmədim. Azərbaycanı gec tərk etdiyimə görə peşman oldum. Ölkədən daha tez ayrılsaydım, başqa cür də ola bilərdi. “Kahramanmaraşspor”dakı problemlərdən sonra isə klubu FİFA-ya şikayət etdim və azad agent statusu aldım. 

- Onda 33 yaşında karyeranızı bitirməyinizdə klublarımızın sizə maraq göstərməməsi rol oynadı?
- Məncə, hücumçu 33 yaşında karyerasını başa vurmamalıdır. Bu yaşda forvardın “qaymaq” vaxtı başlayır. Dünya futbolunda da belədir ki, hücumçuların 28-29 yaşdan sonra ikinci nəfəsi açılır və 34-36 yaşına qədər oynayır. Çünki təcrübə artır, epizodlara çox girir və hansı epizodda necə davranmalı olduğunu bilir. Onlar daha az güc sərf edərək daha effektli olurlar. Ariz Aduriz, Zlatan İbrahimoviç, Kristianu Ronaldo, Fabio Kualyarella buna misaldır. Azərbaycanda isə bir az yaşlı, təcrübəli oldunsa, vəssalam. Məşqçi fikirləşir ki, əgər təcrübəli futbolçu gəldisə, onun karyerasını silkələyə və ya qruplaşma yarada bilər. Amma düşünmürlər ki, komandada gənc və yaşlı nəslin qarışığı olmalıdır. 30-32 yaşlı futbolçuların hamısı karyeralarını başa vurub. Bu isə normal bir şey deyil. Ona görə də futbolumuz bu səviyyədədir, futbolçu qıtlığı yaranıb. Azərbaycanın son illərdə ən böyük uğuru Türkiyəyə 1:0 hesabı ilə qalib gəldiyimiz oyundur. “Ay-ulduzlular”ın həmin heyəti bir il əvvəl Avropada üçüncü olmuşdu. Türkiyəni məğlub edən millimizin həmin heyətindən səhv etmirəmsə, hazırda yalnız Rəşad Sadıqov oynayır. Bu da sistemin düzgün qurulmadığını göstərir. Hər yerdə təcrübəli futbolçunu göz bəbəyi kimi saxlayırlar, bizdə isə əksinədir. Əsas problemlər belə şeylərdən əmələ gəlir. Öz məşqçilərimiz futbolçularımıza dəyər vermir, komandada saxlamırlar. Türkiyədə oldum və hər şeyi gördüm. 36-37 yaşlı futbolçuya elə gözəl yanaşırlar ki, sanki 20 yaşı var. Mən legioner ola-ola təcrübəli oyunçulara rəftara həsəd aparırdım.   

- Gələcək planlarınız nədir? Məşqçilik karyerasına başlanaq etimalı varmı?
- Məşqçilik karyerama başlamaq istəyirəm, futboldan kənarda qalmaq niyyətim yoxdur. Çünki ömrümü buna həsr etmişəm. Təcrübəli olduğumu, özümə görə futbol fəlsəfəmin olduğunu düşünürəm. Sadəcə son zamanlar bizdə kateqoriya alıb məşqçi olmaq moda düşüb. Kitab oxumaqla futbolu öyrənmək olmaz. Düzgün anlayış deyil. Bəs o vaxtı bizi öyrədən məşqçilər kateqoriya oxumaya-oxumaya bizi necə yetişdiriblər? Halbuki elə nə futbolçu çıxıbsa, məndən qabaq və mənim dövrümdə çıxıb. Hər insana öz işinə görə dəyər verilməlidir. Məşqçiliyə başlamaq istəyirəm. Konkret təklifim yoxdur. Amma AFFA rəhbərliyindən köməklik edirlər. 

- Səhv etmiriksə, “Neftçi”də məşqçi işləmək variantın olub. Kimsə maneçilik törətdi, yoxsa necə?
- Bəli, belə variantım var idi. Bernard Lippert mən dedi ki, nəyə görə sənin kimi təcrübəli, millidə oynamış biri heç yerdə işləmir. Çempionatda da bombardir olmuş insan Azərbaycan futboluna faydalı ola bilər. Mənə kömək etmək istədi və “Neftçi”yə yönləndirdi. Mik Bennetlə görüşdüm, iş təklif olundu. Üstündən 3 gün keçdi səs-soraq çıxmadı. Sonda özüm Bennetin tərcüməçisilə əlaqə saxladım və mənə deyildi ki, Mik müəllim başqa məşqçilərlə də görüşəcək və indi həmin yerə mütəxəssis lazım deyil. Bir az pisimə gəldi. Birincisi, mən özüm yazdım, daha sonra mənə cavab verdilər. Halbuki özləri xəbər etməliydilər. Mən “Neftçi”də 3 il oynamışam, klubun tarixində pis-yaxşı varam. Heç olmasa ona xətir düzgün yanaşma olmalıydılar. Əlbəttə ki, heç kim iş verməyə məcbur deyil. Amma ən azından layiqli hərəkətli olmalıydı. Onlar özlərini peşəkar adlandırırlar, amma hərəkətlərində bunu görmədik. Bir az xətrimə dəydi. Bilmirəm, bəlkə mənim adım rəhbərlik üçün bir az ağır gəldi. 

- Ümumiyyətlə, “Neftçi”nin ölkə çempionatındakı çıxışını necə dəyərləndirirsiz? Komanda lider “Qarabağ”dan altı xal geri qalır. “Neftçi”nin bu mövsüm çempionluq şanslarını necə dəyərləndirirsiz?
- Hər dəfə “Qarabağ”ın “Neftçi” ilə çempionluq uğrunda rəqabətindən danışılır. Amma mənə elə gəlir ki, bu belə deyil. “Neftçi”nin çempion olması üçün gərək “Qarabağ” Premyer Liqadan çəkilsin. “Ağ-qaralar” Ağdam klubu ilə deyil, digər altı komanda ilə rəqabət aparır. Hər mövsümdə də görürük ki, “Qarabağ” istədiyi anda çempionata köklənir və lazım olan xalları əldə edir. “Neftçi” isə sadəcə əziyyət çəkir. Çünki stabillik yoxdur, klubdaxili problemlər mövcuddur. Komandanın fanatlarla, məşqçilərlə daim problemləri olur. Onlarda özlərinə inam yoxdur ki, “Qarabağ”ın hegemonluğuna son qoysunlar. Halbuki məğlubedilməz komanda yoxdur. “Neftçi”nin “Qarabağ”ı ikinci pilləyə salmasında fantastik bir şey də görmürəm ki, deyəsən bunu bacarmaq olmaz. Əlbəttə, bu mümkündür. Sadəcə “Neftçi”də düzgün strategiya və düzgün yol yoxdur. Mən oynadığım zamanla indikinin yalnız adı eynidir. Əvvəl “Neftçi”nin adı gələndə hər bir rəqib maksimum bir xala ümid edirdi. Amma indi elə deyil. Hazırda “Neftçi” meydana çıxanda özü fikirləşir ki, heç olmasa bir xal qazanım. Çünki psixologiya dəyişib, bu üstnülük indi “Qarabağ”a keçib. 

- “Neftçi”nin ən güclü vaxtlarında formasını geyinmisiz. Həmin vaxtkı komanda ilə indikini bəlkə bir az ətraflı müqayisə edəsiz. 
- Bu, müqayisəolunmazdır. Təkcə heyətə baxsaz, o cür güclü klub görə bilməzsiz. O vaxtı heç “Qarabağ” da çempionluğu “Neftçi”dən ala bilmədi. Komandanın “kostyak”ı azərbaycanlılar idi. Milliyə 7-8 oyunçumuz gedirdi. Çox səviyyəli, təcrübəli legionerlərimiz var idi. Həqiqətən də əsl legionerlər idi, komandaya köməkləri dəyirdi. Flavinyo, Mitreski, Georgiyevski, Alessandro kimi oyunçularımız vardı. Hər birinin köklü karyerası var idi. İqor Mitreskinin də adı kifayət idi. Düzdür, Emil Mpenza “Neftçi”də həmin formada çıxış edə bilmədi. Amma onun komandada olması, rəqabət aparması komandanın hansı səviyyədə olmasından xəbər verirdi. O vaxtkı “Neftçi” həqiqətən ailə idi. Böyükağa Hacıyev və Sadıq Sadıqov komandada ailə ab-havası yaratmışdı.

- Azərbaycan milli komandasının da hücumçusu olmusuz. Millidəki çıxışını necə xatırlayırsız? Yığmamızın zəif olmasını nə ilə əlaqələndirərdiz?
- Hazırda problemlər var. Heç kimin xətrinə dəymək istəmirəm, amma ölkəmizdə milli səviyyəsində futbolçu yoxdur. İndi yığmamızda elə oyunçular çıxış edir ki, o vaxtı heç üçüncü komanda yaransaydı belə orada heyətə düşə bilməzdi. Amma indi əsas heyətin üzvüdür. Bu nədən irəli gəlir? Çünki futbolçu yoxdur, rəqabət görünmür, seçim çox azdır. Təcrübəli futbolçuların hamısı karyeralarını başa vurdular. İndi hamısı eyni yaşdadır, bir-birindən nəsə necə öyrənsinlər? Əksinə, fikirləşirlər ki, ondan yaxşı oynayıram, komanda yoldaşımdan heç nə öyrənə bilmərəm. Hazırda Azərbaycanda futbolçu yoxdur. 

- Milli komandamızda baş məşqçi postu da boşdur. Necə düşünürsüz, yığmamıza yerli, yoxsa xarici mütəxəssis lazımdır?
- Məşqçinin dəyişdirilməsi müsbət amil deyil. Düzdür, millimiz son tsikldə bir xalla kifayətlənməməli idi. Bir xal da Xorvatiyadan götürülmüşdü. Belə çıxır ki, digər oyunlardan da xal götürmək olardı. Milliyə yerli məşqçi gəlsə, daha çox təzyiq altında qalacaq. Praktikada həmişə görünüb ki, yığmada yerli məşqçi çalışanda, təzyiq daha böyük olur. Çox uzağa getməyək, Qurban Qurbanov bu dəqiqə Premyer Liqada mübarizə aparan 8 klubun məşqçiləri içərisində ən təcrübəli və futbolu ən yaxşı biləndir. O da milliyə gəldi. Berti Foqtsa, Robert Prosineçki və Nikola Yurçeviçə olmayan təzyiqlər Qurban Qurbanova oldu. Ona görə deyirəm ki, yerli məşqçi gəlsə, daha çox təzyiq altında qalacaq. Kim gəlirsə-gəlsə çətin yükün altına girəcək. Çünki bu dəqiqə elə bazamız yoxdur ki, nəsə dəyişsin. Vaxt və stabillik lazımdır. Məncə, Nikola Yurçeviç artıq futbolumuzu yaxşı bilirdi. Sadəcə nəyisə düzəltməliydi. Amma millimizə gələcək yeni məşqçi hər şeyə sıfırdan başlayacaq. Əsas odur ki, komandamız bizi xalla deyil, oyunu ilə sevindirsin.

- Premyer Liqanın bombardiri olmusuz. Heç karyeranızın yüksəliş dövründə hansısa səhvi etdiyini düşünürsüz? 
- Bəli, bombardir olduğum ili xatırlayıram. Müstəqillik dövründə, konkret olaraq, 2009-2011-ci illərdəki çempionatımız ən rəqabətli və ən maraqlısıdır desəm, yanılmaram. Həmin vaxt bombardir olmaq qüruruverici hissdir. Həmin mükafat evimdədir. Hər dəfə görəndə qürur hissi keçirirəm. Bombardirlər siyahıda yeganə azərbaycanlı idim. O vaxt həm birinci oldum, həm də ən yaxşı hücumçu seçildim. Halbuki komandalarda çox yaxşı hücumçular var idi. Artıq bu geridə qalıb. Bundan sonra məşqçi kimi böyük futbolda sözümü deməyi çox istəyirəm. Təkliflərim də olub. Deməzdim ki, fantastik idi. Qonşu ölkələrdən idi. Avropadan da təklif almışdım, amma aşağı məbləğə. Səhvim o idi ki, o vaxtı başqa cür fikirləşirdim. 28 yaşında ilk dəfə legioner həyatı yaşayanda başa düşdüm ki, çox gec addım atmışam. 21-22 yaşında, yaxşı formada olduğum vaxtda gələn təklifləri dəyərləndirməli idim. Pulu və rahatlığı fikirləşməməliydim. İnsan geriyə baxmamalıydı. Oldu, keçdi. Karyeramdan daha da razı qala, daha çox şeylər edə bilərdim. Daha peşəkar kimi hərəkət etsəydim, daha da irəlidə olardım. Buna əminəm.

- Həyat yoldaşınız Oksana Quliyeva (Kiselyova – red) da müəyyən müddətdən sonra yenidən meydana qayıdıb. Onun da normal karyerası olub, voleybol üzrə Azərbaycan millisinin şərəfini qoruyub. 
- Bəli, xanımım yenə millinin üzvüdür. O, Azərbaycanda bir çox klubda oynayıb. Hazırda da “Azərreyl”də çıxış edir. Son dünya çempionatını zədələnmişdi. Sonradan övladımız dünyaya gəldi və ona görə karyerasında fasilə yaranmışdı. Amma bir aydır ki, məşqlərə başlayıb. Hələ gəncdir, karyerası qarşıdadır. Ona məsləhət verirəm ki, legioner həyatı yaşamaq şansı düşərsə, istifadə etmək lazımdır. Nə qədər istəyi və gücü varsa, oynayacaq. Biz də ona hər zaman dəstək olacağıq.

- Futbolçu karyeranız qarşıdakı illəriniz üçün sizə maddi baxımdan nə qazandırıb?
- Ən azından evim var. Ancaq subay vaxtı pulu çox xərcləmişəm, xüsusilə də avtomobillərə. Böyük biznesim yoxdur, lakin normal aylıq gəlirim var. Əsas məqsədim böyük futbolda məşqçi kimi sözümü deməkdir.