Günahkar kimdir: PFL, yoxsa təbiət?
14.03.2022 - 10:26
Günahkar kimdir: PFL, yoxsa təbiət?

Qar, fırtına, çovğun... İnsan təbiət hadisələrinin qarşısını almaqda acizdir. Bu gün qızmar isti ola, sabah isə qar dizəcən yağa bilər.

Ancaq sinoptiklər bir yox, hətta bir neçə gün sonranın təxmini hava durumu barədə məlumat verir, insanları xəbərdar edirlər.

Dünən Qəbələyə güclü qar yağması da sürpriz bir hadisə deyildi. Günün ikinci yarısında yerin ağaracağı gözlənilirdi.

Nəinki turun, mövsümün qalan hissəsinin ən prinsipial oyunlarından biri də dünən Qəbələdə keçirilirdi. Medallara iddiaçılar “Qəbələ” və “Zirə” futbolçuları yaşıl yox, ağ örtüyün üzərində 65 dəqiqə meydanda qalmalı oldular. Görünən odur ki, oyunu saat 16:00-a təyin edən Peşəkar Futbol Liqası (PFL) hava durumu ilə maraqlanmamışdı. Belə olmasaydı, matç erkən saatlara salınardı.

Hər iki komandaya qələbə lazım olan görüşdə inanmırıq ki, futbolçuları bu amil maraqlandırsın. Çünki həmin anda donmamaq üçün necə gəldi qaçmalı, ayaqda qalmalısan. Elə bunun nəticəsidir ki, 65 dəqiqədə hesab açılmadı.

İkinci bir problem topla bağlı idi. Qarın yağacağından xəbərdar olsaydılar, ehtiyat üçün qırmızı top da meydanın kənarında hazır olardı. Axı belə vəziyyətdə oyunu saat 4-ə salmağa nə vadar edə bilər? Guya saat 1-də və ya 2-də oynasaydılar, matça azarkeş marağı az olacaqdı? Sanki dəhşətli dərəcədə maraq var...

Bu məsuliyyətsiz addım komandaları bu gün ikinci dəfə meydana çıxmağa məcbur edəcək. Bu isə onların bütün planlarının pozulması deməkdir. Növbəti turda isə “Qəbələ” “Neftçi” ilə, “Zirə” isə “Qarabağ”la qarşılaşacaq. İstənilən komandanın iki gün meydanda qalmasının növbəti turdakı çıxışına təsiri olmaya bilməz.

Bəlkə də, qış aylarında Bakıya nadir hallarda qarın yağması PFL-i arxayın edib. Ancaq bu aylarda şimal-qərb bölgəsində qarın olması adi haldır.

Görünür, Bakıdan gedənlər qartopu oynamaqdan ötrü darıxmışdılar...
 

0