Hakimi döyən oyunçunun cəzası artırıldı
18.03.2022 - 14:42
Hakimi döyən oyunçunun cəzası artırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda futzal üzrə İkinci Liqanın oyunları zamanı qeydə alınmış neqativ hallar müzakirə olunub.

“Timsport” – “Hövsan” ikincilərin futzalçısı Nihad Əcəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimə qarşı fiziki təsir göstərdiyi və təhqir etdiyi üçün 14 oyun cəzalandırılıb.

“İSMA” Baku ilə qarşılaşmada isə “Baker Tilly”nin oyunçusu Orxan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olaraq referini vurub. 11 mart 2022-ci il tarixli 24 nömrəli protokolun 24-cü qərarı qüvvədə qalaraq, onun cəzasının üzərinə 11 oyun da əlavə olunub.

Qeyd edək ki, Orxan Həsənov “İSMA” Baku ilə martın 6-da keçirilmiş görüşdə hakimi təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib.