İkincilər - Azərbaycan kubokunda
25.05.2021 - 13:38
İkincilər - Azərbaycan kubokunda

Azərbaycan kubokunun tarixində ikinci dəfə finalda əzmkar nəticə qeydə alınıb. 

Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la qarşılaşan “Keşlə” məğlub duruma düşsə də, iki qol vuraraq oyunda dönüş yaradıb.

1992-ci ildən keçirilən turnirin əvvəlki 26 finalından yalnız birində hesabı açan komanda uduzub. Bu, 2005/06 mövsümünə təsadüf edib. “Karvan” “Qarabağ”la görüşdə ilk qolu vursa da, kuboku Ağdam təmsilçisi qazanıb – 2:1. Digər hallarda isə hesabı açan komandalar hətta qarşılaşmanın taleyi penaltilər seriyasına qədər uzansa da, sonda qalib tərəf olub.

“Keşlə” – “Sumqayıt” görüşündə vurulan erkən qol da Azərbaycan kubokunun finallarında 2-ci ən tez vurulan topdur. Miyusko Boyoviçin 3-cü dəqiqədəki avtoqolu iki il öncə Stiven Monrozun (“Qəbələ”) “Sumqayıt”ın qapısına vurulduğu topla eyni vaxta təsadüf edib. Mütləq rekord isə Roman Axalkatsiyə (“Karvan”) məxsusdur. O, 2005/06 mövsümündə “Qarabağ”la finalın ilk dəqiqəsində qol vurub.

Miyusko Boyoviç Azərbaycan kubokunun finalında avtoqol edən ikinci futbolçu olub. Əvvəlki 26 finalda yalnız bir belə hadisə yaşanıb. 2016/17 mövsümündə Urfan Abbasov (“Qəbələ”) “Qarabağ”la görüşdə avtoqola imza atıb. Amma Abbasovdan fərqli Boyoviç sonradan rəqib qapısına da yol tapmaqla finalda hər iki tərəfə qol vuran ilk oyunçu olub.

0