Jelko Kopiç: “Hamımız gördük ki, Emreli hazır deyildi”
19.04.2022 - 15:08
Jelko Kopiç: “Hamımız gördük ki, Emreli hazır deyildi”

“Yaxşı vəziyyətdəyik, hazırıq və motivasiyalıyıq. Derbidə daha keyfiyyətli oynamaq əzmindəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Zaqreb “Dinamo”sunun baş məşqçisi Jelko Kopiç Xorvatiya çempionatında Hayduk “Split”inə qarşı IX turdan təxirə salınmış oyun öncəsi mətbuat konfransında deyib.

Çalışdırıcı bu komandalar arasında XXVI turda baş tutan və qolsuz bərabərə nəticələnən matçı da xatırlayıb. O, həmin görüşdə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin zədələnməsinə baxmayaraq, bunu heç kimə deməməsini və 55 dəqiqə meydanda qalmasını nümunəvi addım adlandırıb: “Mahir Emrelinin həmin matçdakı hərəkəti mənim üçün əlavə müsbət məqamdır. Futbolçu səhhətində problem hiss etməsinə baxmayaraq, komanda üçün maksimumunu vermək istəyir. Hamımız gördük ki, Emreli hazır deyildi. Amma o, ayağa qalxır, oyundan-oyuna yaxşılaşır. Mahir də daxil olmaqla bir çox oyunçunu düzgün ritmə qaytarmalı olduq. Mənim üçün ən önəmlisi odur ki, hər kəsin klubun uğuru, çempionluğu üçün başını ortaya qoymağa hazır olmasıdır”.

Qeyd edək ki, sabah keçiriləcək “Hayduk” – “Dinamo” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hazırda “Dinamo” 66 xalla turnir cədvəlinə başçılıq edirsə, “Hayduk” 59 xalla üçüncüdür.