Azərbaycan klublarının maraq dairəsində olan Ukraynadakı futbolçuların adlarına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”la yanaşı, adıçəkilən ölkədə yaranmış vəziyyətdən yararlanmaq istəyən digər komandalar “Neftçi”, “Sabah”, “Zirə” və “Qəbələ”dir.
Bu klublar Ukrayna Premyer Liqasında çıxış edən oyunçuların transferində maraqlıdırlar. “Sabah” “Desna”nın Gürcüstan əsilli yarımmüdafiəçisi Levan Arveladze və “Metallist”in braziliyalı cinah müdafiəçisi Mailtonla maraqlanır. Müqavilə ilə “Atletiko Mineyro”ya məxsus olan 24 yaşlı Mailton mövsümün sonuna qədər “Metallist”ə icarəyə verilib.
“Neftçi”nin heyətinə cəlb etmək istədiyi oyunçular “Kolos”un braziliyalı hücumçusu Renan Oliveyra və “Minay”ın xorvatiyalı mərkəz müdafiəçisi Mislav Matiçdir.
“Zirə” Gürcüstan yığmasına da çağırılan “Çernomorets”in yarımmüdafiəçisi Georgi Tsitaişviliyə maraq göstərir. 22 yaşlı hücumameylli oyunçu Odessa klubunda icarədədir və müqavilə ilə Kiyev “Dinamo”suna məxsusdur.
“Qəbələ” isə Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Dmitri Topalovu Azərbaycana gətirməyi planlaşdırır. 24 yaşlı futbolçu hazırda “Mariupol”da icarədədir.
Qeyd edək ki, FIFA Ukraynadakı vəziyyətlə əlaqədar oradakı futbolçuların başqa komandalara keçə bilmələri üçün xüsusi transfer pəncərəsi açıb. Bu ölkədəki əcnəbi oyunçular isə ölkəni tərk ediblər.