Azərbaycan millisinin bu ay keçirəcəyi oyunların FİFA reytinqindəki dəyəri bəlli olub.
Apasport.az saytının məlumatına görə, martın 25-də Malta, 4 gün sonra Latviyaya qarşı baş tutacaq görüşlər yığmamızın xal hesabına təsir edə bilər.
Hər iki qarşılaşma Maltada baş tutacaq. Baş məşqçi Canni de Byazinin yetirmələri hazırda 1139,02 xalla dünyanın 121-ci komandasıdır. Millimiz bu ay iki qələbə ilə 7,9 xal toplaya bilər. Ən uğursuz nəticələr isə 13,1 xal itkisinə səbəb olacaq.
Malta ilə qarşılaşmada qələbə 3,3 xal gətirəcək. Heç-heçə 1,7, məğlubiyyət 6,7 xal itkisinə bərabərdir.
Latviya üzərində qalibiyyət 4,6 xal qazandıracaq. Heç-heçə 0,4, məğlubiyyət 5,4 xal silinməsinə səbəb olacaq.
Bir sözlə, yığmamız xal aktivini 1146,92-yə yüksəldə bilər. Bu rəqəmin 1125,92-yə qədər enməsi də mümkündür.