İspaniya La Liqasının XXXII turuna bu gün keçiriləcək “Barselona” - “Kadiz” oyunu ilə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, çempionluğa nəzəri şansı olan Kataloniya klubu “Nou Kamp”dakı matça ciddi itkilərlə çıxacaq.
Zədəli vitse-kapitan Jerar Pikenin durumu qeyri-müəyyəndirsə, digər müdafiəçi Ronald Arauxo cəzalı vəziyyətdədir. İki aparıcı mərkəz müdafiəçisinin yoxluğu “Kadiz”in əks-hücumlarda əl-qolunu aça bilər. Üstəlik, nəzərə alaq ki, arxa xətt oyunçularından Samul Umtiti və Serxi Roberto da komandaya kömək edə bilməyəcək. Yarımmüdafiəçi Pedri və hücumçu Ansu Fati də iş başında olmayacaq.
O ki qaldı “Kadiz”ə, müdafiəçilər Karkelen Valensiya, Varazdat Haroyan və hücumçu Florin Andone zədədən əziyyət çəkən oyunçulardır. Ancaq onlardan sonuncunun meydanda olmaq şansı var.
Elitada qalmaq üçün dəridən qabıqdan çıxan “Kadiz”in ən böyük problemi az qol vurmasıdır. Rəqib isə çempionatda ən çox fərqlənən ikinci komandadır. Doğrudur, şəxsi oyunlar “Kadiz”i ümidləndirir. Çünki Serxio Qonzalesin yetirmələri son üç görüşün ikisində “Barselona”dan 1 xal qoparıb, birində isə qələbə qazanıb. Xavinin kollektivinin son matçlarda eniş yaşadığını da vurğulamaq lazımdır. Komanda qollar vursa da, asanlıqla öz qapısında da top görür.
İstənilən halda cütün aşkar favoriti “Barselona”dır. Kataloniyalıların tilsimi qıraraq qələbə qazanması gözləniləndir. Ancaq rəqibin bu mövsüm çox qol buraxmaması müdafiə xəttinin etibarlılığından xəbər verir. “Kadiz” erkən qol buraxmasa, qarşılaşmada bol qol gözləməyə dəyməz.
Qeyd edək ki, “Barselona” – “Kadiz” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.