“Sabah”ın baş məşqçisi Murad Musayev sabiq komandası “Krasnodar”a qayıtmaqdan imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Daniel Farkenin istefasından sonra Premyer Liqa təmsilçisinin sahibi Sergey Qalitski Musayevə zəng vurub. Prezident komandanı 39 yaşlı mütəxəssisə tapşırmaq istəsə də, “Sabah”ın çalışdırıcısı bunu qəbul etməyib. Musayev “Sabah”dakı fəaliyyətini davam etdirmək qərarına gəlib.
Gənc çalışdırıcının bu seçimi başadüşüləndir. Çünki Ukrayna ilə yaşanan hərbi gərginlik səbəbindən bir çox idman təşkilatları Rusiyaya sanksiyalar tətbiq edib. FIFA və UEFA bu ölkədə çıxış edən əcnəbi futbolçulara azad agent statusu verməyə hazırlaşır. Çətin durumda qalan “Krasnodar” isə əcnəbi oyunçuları ilə müqaviləni artıq dayandırıb.
Qeyd edək ki, “Sabah”ı ötən ilin oktyabrında qəbul edən Murad Musayevin bakılılarla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. O, 2018-2021-ci illərdə “Krasnodar”ın əsas komandasını çalışdırıb.