Azərbaycan futbol tarixinin coğrafiyasına səyahətinə Cənubi Amerikadan başlayan “Apasport” Braziliyadan qonşu Argentinaya keçir.
Adı gümüşlə ifadə olunan bu ölkə futbol sahəsində də materikin ikincisi imicini qazanıb. Dieqo Maradona kimi əfsanəsi, Lionel Messi kimi ulduzu olan Argentina Braziliyanın kölgəsindən heç cür çıxa bilmir. Bu, təkcə nəticələrdə deyil, həm də ölkə xaricinə ixrac edilən legionerlərin sayı və keyfiyyətində də əksini tapır. “Gümüşü oğlanlar”ın Azərbaycan macəraları da istisna təşkil etmir. Çünki ölkəmizdə çıxış edən argentinalılar da qonşularının kölgəsində qalıb.
Yeganə çempion
Ölkəmizdə ilk argentinalılar 2004/05 mövsümündə peyda olub. Həmin mövsümdən “Dinamo” adını “Bakı”ya dəyişən paytaxt təmsilçisinin Cənubi Amerika sevgisi təkcə braziliyalılarda deyil, həm də argentinalılarda öz təcəssümünü tapıb. Meydana çıxan və qol sevinci yaşayan ilk “gümüş oğlan” Fenando Pereslə yanaşı, Gilyermo Leyvo da “zolaqlılar”ın formasını geyinib. Lakin sonuncu daha çox “turist” funksiyasını yerinə yetirib və nadir hallarda meydana çıxıb.
Fernando isə “Bakı”nın tarixində iz qoya bilib. Hər halda 99 matçda 40 qol vuran hücumçu 2 çempionluq, 1 kubok qazanmağa da nail olub. Onun aktivində gümüş və bürünc medallar da var. Azərbaycan çempionatında keçirdiyi mövsüm (6) və vurduğu qol sayında (40) ölkəsinin rekordçusu yalnız bir klubumuzda forma geyinib. O, həm də qızıl medal qazanan tək argentinalıdır.
Rekordçular
Ümumiyyətlə ölkəmizdə çıxış etmiş bu ölkə təmsilçilərindən yalnız biri burada klub dəyişməyi bacarıb. Bu da Kristian Torresdir. Çempionatımızda 5 mövsüm oynamaqla “Qəbələ”, “Rəvan” və “Qarabağ”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında Peresi də arxada qoyub. O, oyun və klub sayında həmyerliləri arasında rekordçu hesab olunur.
Azərbaycanda 1 mövsümdən artıq duruş gətirən 3-cü - sonuncu argentinalı isə Xuan Manuel Vareadır. “Rəvan”da Torreslə komanda yoldaşı olan forvard tarixin yaddaşına klubun tarixinə düşüb. “Rəvan”ın tarixində ən çox qol vuran futbolçu məhz bu oyunçudur.
Təsadüfi qonaqlar
Cari mövsüm Premyer Liqa yenə argentinalısız qalmayıb. “Keşlə”nin heyətində xoş təsir bağışlayan Franko Flores artıq 18 matçda meydana çıxıb. Onun hesabında bir qol da var. O, ölkəsinin çempionatımızdakı 14-cü nümayəndəsidir.
Peresin cığıraçan rolunu oynadığı 2004-cü ildən indiyədək Azərbaycana gəlib-gedən, digər argentinalını isə təsadüfi qonaq saymaq olar. Çünki Fernando, Kristian və Xuan Manuel istisna olmaqla, onlardan heç biri bir mövsümdən artıq gərəkli olmayıb. Hətta əksəriyyəti heç yarım mövsümlük fayda verməyib. Onlardan ikisi Fakundo Pereyra və Lukas Qomes qısa zaman kəsiyindən özü barədə müsbət fikir yarada bilsə də, Premyer Liqa karyeraları qısa sürüb. Argentinalılar ümumilikdə Azərbaycan çempionatlarında 78 qol vurmağı bacarıb.
Düzdür, bəzi mənbələr daha bir futbolçunu bu ölkənin təmsilçisi kimi qələmə verir. Lakin milliləşmələrin baş alıb getdiyi, futbolçuların iki-üç ölkə vətəndaşlığı əldə etdiyi dövrdə belə qarışıq durumların olması anlaşılandır. Bu üzdən anası Fransa, atası Argentinadan olan Uqo Barqasın adının da Maradonanın həmyerlisi kimi hallanması başadüşüləndir. Amma “Neftçi”nin sabiq futbolçusu Fransa doğumlu olması və bu ölkənin təmsilçisi kimi qeydiyyatdan keçməsi da önəmlidir.
Qeyd edək ki, “Bakı” 3, “Rəvan”, “Qəbələ”, “Keşlə” və “Xəzər Lənkəran” hərəyə 2, “Standard”, “Neftçi”, AZAL, “Qarabağ” və “Səbail” hərəyə 1 argentinalının xidmətindən yararlanıb.
Premyer Liqanın argentinalıları
futbolçu |
oyun |
qol |
Kristian Torres |
109 |
12 |
Fernando Peres |
99 |
40 |
Xuan Manuel Varea |
59 |
17 |
Franko Flores |
18 |
1 |
Fakundo Pereyra |
14 |
4 |
Lukas Qomes |
14 |
2 |
Qonzalo Varennes |
9 |
0 |
Dieqo Ruiz |
8 |
2 |
Kristian Ruiz |
7 |
0 |
İmmanol İriberri |
7 |
0 |
Lusiano Olguin |
5 |
0 |
Beçerra Leandro |
4 |
0 |
Gilyermo Leyvo |
4 |
0 |
Padio Pablo |
2 |
0 |