“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretzka ümumi qrupda məşqlərə başlayıb.
Apasport.az saytının məlumatına görə, ötən il dekabrın 4-də Bundesliqanın XIV turunun Dortmund “Borussiya”sı ilə oyununda dizindən zədələnən 26 yaşlı orta sahə oyunçusu artıq məşqçilər korpusunun sərəncamındadır.
Əvəzində hücumçu Robert Levandovski sıradan çıxıb. Polşalı forvard bugünkü məşqi yarımçıq tərk etmək məcburiyyətində qalıb. Qapıya zərbə endirərkən sürüşərək uzun müddət qazonda uzanan 33 yaşlı oyunçu həkim müdaxiləsindən sonra məşqi davam etdirməyə çalışsa da, çox keçmədən axsayaraq meydandan ayrılıb. Sağ dizində ağrılar olan Levandovskinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Bavariya” Bundesliqada növbəti oyununu martın 19-da XXVII tur çərçivəsində “Union”a qarşı keçirəcək.