Qurban edilən gənclər və ya gözü digərlərində olan "Qarabağ"
23.06.2020 - 15:08
Qurban edilən gənclər və ya gözü digərlərində olan "Qarabağ"

Azərbaycan futbolunun ildən-ilə inkişaf etmək əvəzinə, geriləməsinin səbəblərini saymaqla bitirmək olmaz. Təbii ki, ən vacib səbəblər yanlış idarəçilik və uşaq futboluna barmaqarası yanaşmadır.

Xüsusən də, uşaq futbolu ilə bağlı yaralar artıq sağalmayacaq dərəcədə böyüyüb, belə demək mümkünsə, can üstədir. Təəssüf ki, indiki durum nə AFFA-nın, nə də klubların vecinədir. Futbol başbilənlərimizin hamısı yalnız bu günlə yaşayır. Çünki yaxşı bilirlər ki, bu cür idarəçilik sistemi ilə sabah istənilən klubun dağılması istisna deyil. Buna görə də, əziyyət çəkməyi özlərinə rəva görmürlər.

Təəssüfedici məqamlardan biri də odur ki, 7 ildir Premyer Liqa çempionluğunu heç kimə verməyən, Azərbaycanı Avropada uğurla təmsil edən "Qarabağ" uşaq futbolu baxımından bərbad durumda olanlardandır. Ağdam təmsilçisinin akademiyası sadəcə, formal qaydada var olmaq üçün yaşayır. Klub hələ də sonuncu dəfə Rasim Karanın üzə çıxardığı yerlilərin ümidinə qalıb ki, onlar da artıq əvvəlki yaşda və performansda deyillər.

Qurban Qurbanov stabillik və avrokuboklarda ardıcıl uğurlar gətirincə, "Qarabağ" pul qazanmağa da başladı. Ən azı öz büdcəsini birtəhər çıxara bilir. Bu üzdən futbolçu yetişdirmək onlar üçün maraqlı deyil. Qurban Qurbanov illərdir digər klublarda özünü bir balaca göstərənləri dərhal heyətə qatmaqla yerli balansını qoruyur. Ancaq onun bu strategiyası Azərbaycanda futbolçu qıtlığına gətirib çıxarır. Çünki olan-qalan istedadlar da "Qarabağ"a getdikdən sonra "boğulur", yoxa çıxırlar.

Klubun rəhbəri Tahir Gözəl son müsahibəsində bildirib ki, buradakı ilk illərindən yerli futbolçu yetişdirməklə məşğuldurlar. Ancaq Qara Qarayev və Maksim Medvedevin adını çəkməklə kifayətlənib. Halbuki "Qarabağ"ın son 10 ildə "dəfn etdiyi" oyunçular bu kluba keçənə qədər böyük ümidlər bəslənilənlər olub. İlk illərdə istedadlı gəncləri almaqda məqsəd əslində güclənmək yox, əsas rəqiblərin güclənməsinə mane olmaq idi. Həm Qurban Qurbanov, həm də maliyyə amili futbolçuların yüksəlişdə olan karyeralarını qurban vermələrinə səbəb olurdu.

Bu proses AFFA-nın israrla dağıtmağa çalışdığı və sonunda bacardığı "Bakı"nın oyunçuları ilə başladı. "Qarabağ" Hacı Əhmədov, Bəxtiyar Soltanov, Şəhriyar Əliyev kimi gəncləri heyətə qatıb, onların zəif klublarda icarədə "sürünmələrinə" yol açdı. Ağdamlılar 2017-ci ilə qədər bu strategiyalarından əl çəkmədilər. Nəticədə Namiq Ələsgərov, Tərlan Quliyev, Cavid Tağıyev, Azər Salahlı, Coşqun Diniyev, Vüqar Mustafayev, Elvin Yunuszadə, Rahid Əmirquliyev, İlyas Səfərzadə, Elşən Abdullayev və Ağabala Ramazanov kimi özünü göstərən oyunçuların "Qarabağ" karyerası onlar üçün enişə səbəb oldu. Adıçəkilənlərdən yalnız Ağabala indi-indi toparlanmağa çalışır. Digərləri isə klublarında sıradan oyunçulardır. Təbii ki, "Qarabağ" qədər həmin futbolçular özləri də günahkardır. Çünki heyətə düşməyəcəklərini bilə-bilə pula "susadılar". Qurban Qurbanov da onları əvvəlcə ora-bura icarəyə verdi, yararsız olduqdan sonra da birdəfəlik yola saldı. İçlərində ən çox tab gətirən Coşqun Diniyev və Elvin Yunuszadə oldu. Ancaq onlar da heç vaxt əsas heyət üzvü sayılmadılar.

2017-ci ildən sonra Azərbaycanda artıq "Qarabağ"a rəqib yox idi. Bu da gənclərlə bağlı düşüncə dəyişikliyinə səbəb oldu. Həmin vaxtdan bəri Abbas Hüseynov, Rahil Məmmədov, Hacıağa Hacılı, Nicat Süleymanov, Nicat Mehbalıyev kimi gənclər transfer edildi. Son iki oyunçu ötən mövsümü icarə əsasında başqa klubda keçirdi. Abbas, Rahil və Hacıağaya isə məcbur olmadıqca şans verilmir.

Geridə qalan mövsümdə Qurban Qurbanov cəmi 1 gənc yetirmələrinə meydança üzü göstərib. Toral Bayramov 2 matçda ümumilikdə 82 dəqiqə iştirak edib. Çoxlarının "Qarabağ"ın yetirməsi hesab etdiyi İsmayıl İbrahimli isə 2018-ci ildə bu komandaya gələnə qədər MOİK və AZAL-da çıxış edib. İndi də Emil Balayev komandaya qaytarılır. Onun gəlişi isə milli komandamızın iki qapıçıdan birini itirməsinə yol açacaq.

Bəli, "Qarabağ" uzun müddətdir Azərbaycanda rəqibsizdir, Avropa Liqasının və Çempionlar Liqasının qrupunda oynamaqla hər birimizə sevinc bəxş edib. Bunda yüksək səviyyəli əcnəbi futbolçuların da rolu danılmazdır. Ancaq klub Rasim Kara dönəmindən bəri fəxrlə "bu bizim yetirməmizdir" deyə biləcəyi bir futbolçu üzə çıxarmayıb.

Uşaq futbolunun bu cür münasibət gördüyü, pulun ancaq əcnəbi transferlərinə sovrulduğu müddətdə "Qarabağ" rəhbərliyinin gözü yalnız digər klubların kəşflərində olacaq...

APASPORT
 

0
Qarabağ Qurban Qurbanov uşaq futbolu