Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
“Bakı”, “Neftçi”, “Xəzər Lənkəran” kimi klublarda çıxış etmiş Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasovun apasport.az saytına müsahibəsi
“Bir az həvəsdən düşdüm, məsuliyyətsizlik elədim”
- Uzun müddətdir futboldan uzaq düşmüsüz. Nə işlə məşğulsunuz?
- Hazırda bekarçılıqdır. Bir müddət “ASK Arena”da özəl qruplarda məşqçilik etdim. Sonra həmin qruplar bəzi məsələlərə görə dağıldı, mən də qalmışam işsiz.
- Bildiyim qədərilə dolanışıqla bağlı probleminiz yoxdur, ümidinizi futbola bağlamamısız...
- Şükür Allaha, yüngül dolanışığımız var. Amma başa düşürəm ki, futbolda fəaliyyət göstərmək üçün ilk növbədə B kateqoriyasını oxumalıyam. 30 il futbolun içində olmuşam, başqa sahədə nə işim var? Yalnız futbolu bacarıram. Ümid edirəm ki, gələcəkdə məşqçi kimi Azərbaycan futboluna xeyir verə bilərəm.
- B kateqoriyalı məşqçi kurslarına hələ də qatılmadığınızı dediz. Belə çıxır ki, kənarda qalmağınız öz məsuliyyətsizliyinizdəndir?
- Bəzi yerlərdə dedilər ki, işləmək üçün mütləq B kateqoriyan olmalıdır. Mənə elə gəlir ki, bunu işləyə-işləyə də almaq olar. Bir az həvəsdən düşdüm, ola bilər ki, məsuliyyətsizlik elədim. Ömrümü futbola həsr eləmişəm. Kənarda qalmaq adama pis təsir edir. Amma bəzi nüanslar da oldu, həvəsdən saldılar. Yenə də irəli baxmaq lazımdır.
- Kimlər həvəsdən salıb?
- Hansısa yerə məşqçi kimi məni məsləhət görüblər. Onlar da şərt qoyub ki, B kateqoriyam olmalıdır. Sonradan öyrəndim ki, B-ni oxumaq üçün bir klubda çalışmalısan. Halbuki əvvəl belə deyildi. İndi mütəmadi məşq keçdiyin komandan olmalıdır, gəlib məşqlərinə baxmalıdırlar. Bir klubda işə düzələndən sonra B kateqoriyasını da oxumağa çalışacağam.
“Milliyə gəlmisənsə, bacarığının ikiqatını ortaya qoymalısan”
- Kənarda qalsaz da, yəqin ki, Azərbaycan futbolunu izləyirsiz?
- Əlbəttə, hamı kimi mən də milli komandamızın oyununu bir azarkeş kimi izləyirəm. Yığmamızın bizi qələbələrlə sevindirməsini arzulayırıq.
- Amma görünən odur ki, bunlar hələ də arzu olaraq qalır...
- Təəssüf ki, millimiz Malta önündə aciz qalmışdı. Heç kim belə oyun gözləmirdi. Mənə elə gəlir ki, komandada istək az idi. Bu həvəssiz yanaşmanın nədən qaynaqlandığını komanda daxilində olanlar daha yaxşı bilər. Amma hiss olunur ki, futbolçularda əzmkarlıq yoxdur.
- Bəzi futbolçuların bilərəkdən zəif oynadıqları deyilir. Həqiqətən də, milli forma altında qəsdən zəif çıxış edən ola bilərmi?
- Ola bilər. Bunu edənlər varsa, elələrinin damarlarında azərbaycanlı qanı axmır. Milliyə gəlmisənsə, bacarığının ikiqatını ortaya qoymalısan. Çünki orada özünü yox, ölkəni, bayrağını təmsil edirsən.
“Onların üzərlərindən həmin vaxtdan xətt çəkmək lazım idi”
- Malta ilə matçda start heyətində yer alan futbolçulardan 6-sı milliləşdirilib. Bu amil həvəssiz yanaşmaya təsir göstərə bilərmi?
- Ən yaralı yerlərimizdən biri də budur. Bir insanda milli ruh olmadıqda yığmaya nə xeyir verə bilər? Elə səviyyəli futbolçu idisə, gedib Braziliya millisində oynayardı. Bəzən milliləşdirilməsinə baxmayaraq, canla-başla oynayanlar da olub. Ancaq indiki heyətə baxanda öz uşaqlarımız çıxıb mübarizə aparsalar, daha çox fayda verərlər. Bu insan komandaya xeyir verə bilmirsə, niyə milliləşdirirsən? Ondansa gənclərimiz oynasın, 3-5 oyun uduzacaq, ancaq təcrübə topladıqdan sonra istədiyin səviyyəyə çatacaq. Beynəlxalq arenada təcrübə qazanmaq başqa şeydir. Sönmüş legionerləri yığmaqdansa, öz gənclərimizi cəlb etmək futbolumuza daha çox xeyir verər. Mənə elə gəlir ki, çempionatımızın səviyyəsinin, komanda sayının, yerli futbolçuların azlığının da millinin nəticələrinə təsiri olur. Yerli futbolçu da olmadıqda məcburiyyətdən milliləşmələrə əl atılır.
- Ancaq çempionatımızda 10-12 komanda olanda da millinin səviyyəsi indikindən çox fərqlənmirdi...
- Əvvəllər yığma seçmə mərhələlərdə heç olmasa 7-9 xal yığırdı. Ötən seçmə mərhələdə isə cəmi 1 xal toplamışdıq. Bu da inkişafın yox, geriləmənin sübutudur. Görünən odur ki, yerli futbolçuların yetişməsində problem var. Yaxşı gənc nəsil yetişmir. Yalnız “Qarabağ”da oynayan Toral Bayramov son vaxtlar gənclər arasında seçilir. Toral kimi 15-20 futbolçumuz olsa, onların arasında rəqabət yaranar. Bu da inkişafa təkan verər. Amma indi oyunçu satışmazlığı ucbatından əcnəbiləri gətirib milliləşdirirlər.
- 2019-cu ildə koronavirusu bəhanə edərək millidən imtina edən Dmitri Nazarov və Eddi İsrafilov təxminən 3 ildən sonra qaytarıldı. Onların dönüşü bu qədər vacib idi?
- Damarlarında azərbaycanlı qanı axmalıdır, Azərbaycana sevgi olmalıdır ki, nəyin bahasına olursa-olsun ölkəsinə xidmət etsin. Onlar yəqin ki, qələbə qazanaraq mükafat almaq haqda düşünən insanlardır. İstəmədikləri zaman da deyirlər ki, koronavirusa görə gəlmirik. Başqaları necə gəlir, sən gəlmirsən? Deməli, milliyə kömək etmək maraqları yoxdur. Onların üzərlərindən elə həmin vaxtdan xətt çəkmək lazım idi. Nahaq yerə yenidən çağırıblar. Əlbəttə ki, günah onları gətirəndədir. Əgər belə bir söhbət olubsa, onları çağırmaq düzgün hərəkət deyildi. Səni çətin vəziyyətdə atan oyunçunu necə yenidən dəvət edə bilirsən?
“İstənilən yerli məşqçi de Byazidən yaxşı nəticə göstərər”
- Ölkə xaricində çıxış edən azsaylı legionerlərimiz də Malta ilə matçda iştirak etmirdilər. Məğlubiyyətdə bunun nə dərəcədə rolu oldu?
- Son 2-3 ildə futbolumuzda həddən artıq eniş var. Üzdə olan yerlilərimiz də azdır. Onlardan bir-ikisinin olmaması ağır fəsadlara gətirib çıxarır. Məsələn, Emin Mahmudov Malta ilə görüşdə cinah hücumçusu kimi çıxış edirdi. Eminin orada nə işi var, mənim başım çıxmır. Onun öz yeri var, komandanın beynidir. Əlində Ağabala Ramazanov kimi sürətli futbolçu var, niyə “23-lüy”ə salmırsan? Emində o sürət yoxdur axı. Onun işi oyunu qurmaq, komandanı meydanda idarə etməkdir. Futbolun inkişafı üçün gənclərin üzərində çalışmaq lazımdır. Seçilən uşaqlar həddən artıq azdır. Əvvəllər U-21 yığmamızın oyunçularının 90 faizi klublarında əsas heyətdə çıxış edirdilər. Amma indi U-21-ə çağırılanlara baxıram, əksəriyyəti klublarında oynamır. Premyer Liqada şans qazana bilməyən oyunçu millidə nə edə bilər? Səhərdən axşama qədər məşq keçsən belə, oynamadığın zaman yaxşı futbolçu ola bilmərsən.
- Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin fəaliyyətini necə dəyərləndirərdiz? İtaliyalı mütəxəssis burada olduğu müddətdə yığmamıza nə verdi?
- Milliyə istənilən yerli məşqçini gətirsələr, ondan yaxşı nəticə göstərər. Yığmanı hansı yerliyə tapşırırsan-tapşır, bu qədər uğursuz olmaz. Ancaq ən önəmlisi, inkişafa yeniyetmə futbolçulardan başlamaq lazımdır. Üzdə olanların bacardığı budur. Artıq nəsə gözləməyə də dəyməz.
“Millidəki futbolçularla bundan o tərəfi yoxdur”
- De Byazi daha bir il yığmada saxlanıldı və qarşısına Millətlər Liqasında qrupdan çıxmaq tapşırığı qoyuldu...
- Yəqin vədlər verib ki, yaxşı nəticə göstərəcəyəm.
- Həmin vədləri yeni gələndə də vermişdi. Ümidləri doğrultmadığı halda saxlamaq nə dərəcədə doğru qərar idi?
- Seçmə mərhələdə uğursuz olubsa, ikinci dəfə ona inanmaq düzgün deyil. İkinci vədinə inanmaqla səhvə yol verib-vermədiklərini zaman göstərəcək. Ümumilikdə Azərbaycan futbolunun əsas problemi baş məşqçi məsələsi deyil. İstənilən mütəxəssisi gətirsən, qlobal dəyişiklik edə bilməz. Son 10 ildə millinin heyətinin 60-70 faizi eyni uşaqlardır. Bacardıqlarını ortaya qoyublar, onlarla bundan o tərəfi yoxdur. Avropa səviyyəsinə uyğunlaşmış gənc nəsil gəlməlidir. Gənclərimiz isə Premyer Liqa klublarında legionerlərin ucbatından müntəzəm çıxış edə bilmirlər. Onlar gələcəkdə əsas milliyə nə xeyir verə bilərlər? Birinci diviziondan U-21-ə çağırılan futbolçudan nəsə gözləməyə dəyməz. 21 yaşında əvəzedicidən əsas komandaya keçid edə bilmirsə, deməli, belə də davam edəcək. Bu gün Premyer Liqada oynamaq bacarığı olmayan futbolçu bir ildən sonra da əsas milliyə düşə bilməz.
- Malta ilə bacarmayan milli komandanın qrup mərhələsində Slovakiya, Belarus kimi rəqiblər önündə şansı nə qədərdir?
- Malta önündə sərgilənən oyuna baxanda ümidsizliyə qapılmamaq mümkün deyil. Çətin görünür. Amma futbolda hər şey mümkündür. Yəqin ki, həmin vaxta qədər fikirləşib bir nəticə çıxararlar. Ümid sonda ölür. Biz də istəyirik ki, yığmamızın qələbələrinə sevinək. Amma hər şey göz önündədir. Yəqin nələrsə düz getmir ki, futbolumuz bu vəziyyətə gəlib.
Ruslan Sadıqov
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur