Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Azərbaycan Premyer Liqasının arxada qalan 17 turunda 19 qapıçı iştirak edib.
Apasport.az saytının məlumatına görə, ötən tur Amin Ramazanovun “Qarabağ”da debütü ilə yadda qalıb.
Onadək 18 əlcək sahibi çempionat görüşündə şans qazanmışdı. Amin mövsümün ən gənc qolkiperi olub.
19 yaşını təxminən ay yarım öncə qeyd edən futbolçu “Keşlə” ilə matçda şans qazanıb. O, 0:0 hesablı heç-heçədə pay sahiblərindən biri kimi yadda qalıb.
“Qarabağ” rekordçuya çatdı
Amin cari mövsüm Ağdam klubunun heyətində meydana çıxan 4-cü qapıçı olub. Mövsümün ilk yarısında komandanın qapısını Şahruddin Məhəmmədəliyevlə Emil Balayev qoruyurdu. Qış fasiləsindən sonra Luka Quqeşaşvili də onlara qoşulub. Əsas heyət üzvü olan üç əlcək sahibindən sonra Aminə də şans verilib. “Qarabağ” qapıçı sayında mövsümün rekordçusuna şərik olub. Digər 7 klubdan heç birində bundan çox qolkiper meydana çıxmayıb.
Autsayderin axtarışı
Mövsüm ərzində 4 qapıçıya güvənən ilk komanda isə “Səbail” olub. Əgər “Qarabağ”ın əsas heyətində üç təcrübəli və güvənilə biləcək qolkiperlər varsa, autsayder daim axtarışda olub. Komandanın çərçivəsi gah Kamran Ağayevə, gah Elxan Əhmədova, arada Nail Alışova tapşırılıb. Qışdan sonra isə Rəşad Əzizli 1 nömrəyə çevrilib. Digər komandalardan yalnız “Neftçi”dəki rəqəm nisbətən çox, rekordçulardan azdır. Bakılılar üç əlcək sahibinə şans verib.
“Qəbələ” və “Zirə”də “1 nömrə”
Yalnız iki klubda bir qapıçı çıxış edib. Bunlar liderin ən yaxın izləyiciləri “Qəbələ” ilə “Zirə”dir. Bölgə klubu Nicat Mehbalıyevə, bakılılar Mehdi Cənnətova tam güvənib. Hər iki əlcək sahibi 17 matçda 1530 dəqiqə meydanda olub. Onlar mövsümün 4 əvəzolunmazı siyahısında yer alıb. Digər iki belə futbolçu isə sahə oyunçusudur. “Keşlə”, “Sabah” və “Sumqayıt” mövsümün arxada qalan hissəsini iki qolkiperlə keçib.
Naili arxada qoydu
Mövsümün ən gənc qapıçısı olan Aminə qədər bu rekord Nicat Mehbalıyevə məxsus idi. Lakin “Qəbələ”nin qolkiperi ötən əsrdə anadan olduğundan Amindən üç yaş böyükdür. “Qarabağ”ın qapıçısı XXI əsrdə anadan olan yeganə əlcək sahibidir ki, cari mövsümdə şans qazanıb. Nicat kimi “Səbail”də oynamış Nail Alışov da 2000-ci il təvəllüdlüdür. Mövsümün ən gəncləri siyahısında Kamran İbrahimov 4-cü, Luka Quqeşaşvili 5-cidir. “Neftçi” və “Qarabağ”ın üzvləri Amindən 4 yaş böyükdür.
Veteranlar
Mövsüm ərzində şans qazanan üç qapıçı 35 yaşı arxada qoyub. Onların “ağsaqqalı” artıq “Sabah”la vidalaşan Saşa Stamenkoviçdir. “Keşlə”nin ikinci qolkiperi Kamal Bayramov serbiyalının gedişindən sonra ən yaşlı ünvanına yiyələnib. Karyerasını mövsümün gedişində başa vuran Kamran Ağayev (“Səbail”) də 35-i arxada qoyub. Ondan ay baxışından kiçik olan Stanislav Namaşko (“Keşlə”) kiçik yubileyini ilin sonunda qeyd edəcək. Veteranların “beşliy”ini Aqil Məmmədov qapayır. O, zədələnənə qədər “Neftçi”nin 1 nömrəsi olub.
İki klubda
Mövsümün arxada qalan 17 turunda heç bir qapıçıya iki klubun formasında oynamaq nəsib olmayıb. Düzdür, qış fasiləsində iki əlcək sahibi Premyer Liqanın bir komandasını digərinə dəyişib. Rəşad Əzizli “Zirə”dən “Səbail”ə, Nail Alışov əks istiqamətdə keçib. Sonuncu hələ də iki klubda oynamaq şansını qoruyur. “Səbail”də bir matça çıxan Nail yeni komandasında debütünü gözləyir. Rəşad isə qəsəbə klubunda ehtiyatda keçirdiyi yarım mövsümdə şans qazana bilməyib və yalnız komandasını dəyişəndən sonra belə imkan əldə edir.
Qışda gələnlər
Qışda yeni klubuna qoşulanlar təkcə Rəşad Əzizli və Nail Alışov deyil. Daha iki qapıçı Premyer Liqa təmsilçisinə mövsümün gedişində keçib. Onların hər ikisi legionerdir və ölkə xaricindən cəlb olunub. Luka Quqeşaşvili “Qarabağ”a, İvan Brkiç “Neftçi”yə faydalı olmağa çalışır.
Karyerasını bitirən
Cari mövsümdə Premyer Liqada şans qazanan qapıçılardan biri karyerasını bitirdiyi, digəri müəyyən fasilə verdiyi üçün klubundan ayrılıb. Kamran Ağayevin “Səbail”lə futbola qayıdışı uğursuz alınıb. Əvvəlki formasını heç cür yığa bilməyən millinin sabiq üzvü ikinci dəfə futbola vida edib. “Sabah”dan ayrıldığı vaxt Saşa Stamenkoviç şəxsi problemlərinin həlli üçün qısa fasilə götürdüyünü barədə qərarı açıqlayıb. Lakin serbiyalı tezliklə meydana qayıtmağa yaxındır. O, oynamaq eşqilə “Okjetpes”ə keçib.
Şərikli liderlər
19 qapıçıdan 14-ü ən azı bir quru oyun keçirib. Amin Ramazanov da debütündə buna nail olub. Quru oyun sayında rekord isə ən çox matça çıxanlardadır. Nicat Mehbalıyevlə Mehdi Cənnətov hərəyə 7 dəfə görüşü qol buraxmadan tərk edib. Şahruddin Məhəmmədəliyevin aktivində 5 belə qarşılaşma var. “Sumqayıt”dan Aydın Bayramov 4 dəfə qapısını toxunulmaz saxlaya bilib. Emil Balayev, Stanislav Namaşko və Səlahət Ağayev üç dəfə bunu bacarıb. Yeri gəlmişkən, sonuncu “Sabah”da 14, Stanislav “Keşlə”də 15 oyun keçirib. Onlar ən çox matçda iştirak edən qapıçılar siyahısında yalnız Nicatla Mehdidən geri qalır.
Dörd legioner
19 əlcək sahibindən yalnız dördü legioner statusu daşıyır. Onlardan ikisi qışda yeni komandasına qoşulanlardır. Söhbət Luka Quqeşaşvili ilə İvan Brkiçdən gedir. Onlar Gürcüstan və Xorvatiyanı təmsil edir. Ölkəmizdən ayrılan Saşa Stamenkoviç Serbiya, Stanislav Namaşko Moldova təmsilçisi sayılır. Göründüyü kimi heç bir ölkədən iki və ya daha çox qapıçı iştirak etməyib. Yalnız Rusiya istisna ola bilərdi. Amma həm Şahruddin Məhəmmədəliyev, həm də Mehdi Cənnətov milliləşdirildiyindən Azərbaycan vətəndaşı kimi sifariş olunub.
17 turda 17 vərəqə
Mövsümün arxada qalan turlarında heç bir qapıçı qırmızı vərəqə almayıb. Lakin 19 əlcək sahibindən 11-i cəza alıb. Onlardan üçü hərəyə 3, digərləri 1 sarı vərəqə görüb. Bir sözlə, 17 turda 17 xəbərdarlıq edilib. Cəzalı duruma düşmə təhlükəsində olanlar ən çox oynayanlardır. Bunlar Nicat Mehbalıyev, Mehdi Cənnətov və Stanislav Namaşkodur.
13 penalti
Mövsüm ərzində 13 penalti təyin edilib. Tərlan Əhmədli daha çox – 4 dəfə belə duelə çıxıb. “Sumqayıt”ın qapıçısı bunların üçündə qol buraxıb. Nicat Mehbalıyev isə yeganə penaltinin qolla nəticələnməməyinə sevinib. Kamran İbrahimov 2, daha altı əlcək sahibi hərəyə 1 dəfə penaltidən qol buraxıb. Bir sözlə, 13 belə zərbədən 11-i qolla nəticələnib.
Yalnız Ramazanov
“Qarabağ”da debüt edən Amin Ramazanov cari mövsümdə meydana çıxan və qol buraxmayan yeganə qapıçı olub. Digər 18 qolkiper ən azı bir top da olsa buraxıb. Antirekord Stanislav Namaşkodadır. “Keşlə”li topu 23 dəfə qapısından çıxarıb. Səlahət Ağayev “Sabah”ın buraxdığı 18 qola şahid olub.
“Qarabağ” fərqi
Hər oyunda buraxılan orta top sayında “Qarabağ”ın üzvləri aşkar liderlərdir. Qol buraxmayan Amin Ramazanov cəmi 1 dəfə şans qazanıbsa, daha çox meydanda olanlar arasında rekordçular da onun komanda yoldaşlarıdır. Şahruddin Məhəmmədəliyev 0,44 (9 oyunda 4 qol) və Emil Balayev 0,80 (5 oyunda 4 qol) ən azı 5 oyun keçirənlər arasında ən yaxşılardır. “Qarabağ”lılardan başqa yalnız Mehdi Cənnətovda bu göstərici 1-dən aşağıdır. “Zirə”li hər matçda 0,94 (17 oyunda 16 qol) top buraxıb. Minimum 5 dəfə meydana çıxanlardan antirekord Tərlan Əhmədlidədir. “Sumqayıt”ın üzvü 7 oyunda 13 top buraxıb – hər matçda 1,86. Ümumilikdə isə Nail Alışov (“Səbail”) 3,00 (1 oyunda 3 qol), Saşa Stamenkoviç (“Sabah”) 2,67 (3 oyunda 8 qol), Elxan Əhmədov (“Səbail”) 2,50 (3 oyunda 10 qol) qol buraxıb.
Vüqar Xeyrullayev
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur