İtaliya yığması Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Polşa ilə qolsuz bərabərə qalıb.
Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” bununla məğlubiyyətsiz oyunlar seriyasını 15-ə yüksəldib.
Roberto Mançininin yetirmələri son iki ildə keçirdiyi 15 matçın 12-də qələbə qazanıb, 3-də rəqibi ilə sülh bağlayıb. Bu, İtaliya millisinin ikinci ən uzun seriyalı məğlubiyyətsizliyidir. Komanda 1997-1999-cu illərdə 17 görüşdə uduzmayaraq rekorda imza atıb. Daha 2 qarşılaşmada bu seriyanı davam etdirmək mümkün olsa, rekord təkrarlanacaq.
Qeyd edək ki, İtaliya yığması sonuncu dəfə 2018-ci ilin sentyabrında Portuqaliyaya 0:1 hesabı ilə yenilib.