Rusiya klubunun türkiyəli debütantı ayrılmağa hazırlaşır
04.03.2022 - 14:23
Rusiya klubunun türkiyəli debütantı ayrılmağa hazırlaşır

Moskva MOİK-inə yeni transfer olunan və bir neçə gün əvvəl Premyer Liqada debüt edən Yusuf Yazıcı Rusiyanı tərk etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, buna səbəb Ukrayna ilə yaşanan hərbi gərginlik ucbatından beynəlxalq idman təşkilatlarının Rusiyaya tətbiq etdiyi sanksiyalardır.

UEFA və FIFA Rusiya klublarındakı əcnəbi futbolçulara müqaviləni ləğv etmək icazəsi versə, bir çox oyunçu kimi, Türkiyə millisinin üzvü də komandasını tərk edəcək. MOİK-də icarə əsasında çıxış edən yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Lill”ə qayıdacaq.

Ancaq Yazıcının karyerasını ölkəsində davam etdirmək ehtimalı da var. Çünki “Trabzonspor” onu birdəfəlik transfer etmək şərtilə icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, 25 yaşlı pleymeykerin “Lill” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.