"Dünya idmanında dopinqlə mübarizə çox inkişaf edir. Mən də futbol sahəsində AMADA-ya köməklik edirəm".
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov deyib.
O, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbirdə bildirib ki, oyunlar vaxtı ciddi yoxlamalar olur: “Əvvəllər yoxlamalar olmurdu. Amma son dövrlər gözlənilmədən yoxlamalar olur. Mən özüm də 3 dəfə testdən keçmişəm. Bu, idmançılar üçün də xeyirlidir. İnanıram ki, bundan sonra heç bir futbolçumuz ciddi dopinq qalmaqalına düşməz”.
“Zirə”də çıxış edən 35 yaşlı müdafiəçinin sözlərinə görə, hələ karyerasını bitirmək barədə düşünmür: “Özümdə güc hiss edirəm. Karyeramı hələ bitirmək barədə düşünmürəm. Oynamaq istəyirəm. Amma baş məşqçinin qərarıdır. Oynamağa şans versə, özümü göstərməyə hazıram. Gələcəklə bağlı mövsümün sonunu gözləmək lazımdır. Bizdə deyim var ki, 33-34 yaşa gələn futbolçu karyerasını bitirməlidir. Amma mən bu fikirlə razı deyiləm”.
O vurğulayıb ki, milli komandamızın uğur qazanmasını istəyir: “Mənə də suallar verilir ki, millimiz niyə uğursuz çıxış edir? Cavab verməkdə çətinlik çəkirəm. Son oyunlar göstərdi ki, Millətlər Liqası ilə bağlı vəziyyət ümidverici deyil. Amma zaman göstərir ki, baş məşqçinin dedikləri ilə futbolçuların oyunu üst-üstə düşmür. Nəticə yoxdursa, dəyişiklik etmək lazımdır”.