Rusiyanın “Krasnodar” klubunun ikinci komandasının futbolçusu Sergey Petersonun apasport.az saytına müsahibəsi
- Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarına dəvət ediləcəyiniz gündəmdədir. Öncə özün barədə məlumat verərdiz.
- Rusiyada doğulmuşam, 18 yaşım var. Futbola da yerli komandalarda başlamışam. İlk məşqçim babam olub. Atam azərbaycanlıdır. 1997-ci ildə Bakıdan Rusiyaya köçüb.
- Ailənizdə sizdən savayı futbolla məşğul olan var?
- Bəli, ailəmizdə futbolla məşğul olanlar az deyil. Balaca qardaşım da futbol oynayır. Babam da vaxtilə bu idman növü ilə məşğul olub, indi də yerli komandaların birində məşqçi kimi işləyir.
- Bir neçə gün əvvəl Azərbaycana gəlmişdiz. Bu, danışıqlarla bağlı idi?
- Düzdür, bir neçə gün əvvəl Azərbaycanda olmuşam. Amma oraya istirahətə gəlmişdim. Bakı çox gözəldir, insanlar da qonaqpərvər və səmimidir. Həqiqətən də çox xoş istirahət və səyahət oldu.
- Azərbaycanın aşağı yaş qruplarında oynamağınız üçün AFFA-dan təklif almısız?
- Bəli, təklif olub. Amma bir müddət əvvəl edilən təklif zamanı millinin düşərgəsinə gələ bilməmişdim. O da dərslərimlə bağlı idi. Dərslərim olmasaydı, gələcəkdim.
- Azərbaycan futbolu haqda nə bilirsiz?
- Azərbaycan futbolu ilə hər zaman maraqlanıram. Milli komandanın çıxışını izləyirəm. Ölkə çempionatına da ara-sıra baxıram. Əsasən “Qarabağ” və “Neftçi”nin iştirakı ilə keçirilən oyunları izləyirəm. Üstəlik, “Qarabağ”ın gənclər komandasında “Krasnodar”ın sabiq oyunçusu, dostum Elvin Talıbov oynayır.
- Son vaxtlar “Krasnodar”ın əsas komandasında çox sayda öz yetirməsi oynayır. Əsas heyətə düşmək şansınız nə qədərdir?
- Məqsədim məhz “Krasnodar”ın əsas heyətində yer almaqdır. Təbii ki, əsas komandaya düşdükdən sonra da orada möhkəmlənmək istəyirəm. Bunlar hamısı mümkündür. Amma anlayıram ki, hər şeyin öz zamanı var. Özümü inkişaf etdirirəm, məşqlərdə, oyunlarda əlimdən gələni edirəm.
- Klubdan Azərbaycan yığmasında oynamağınıza necə, problem yaratmayacaqlar?
- “Krasnodar”ın Azərbaycan yığmasında oynamağıma qarşı olmadığını düşünürəm. Əlbəttə ki, yenidən Azərbaycan yığmasından təklif gələrsə, razılıq verəcəm. Bundan sonra klubun nə cavab verəcəyini gözləyəcəm. Bir sözlə, Azərbaycan yığmasında oynamağa razı və hazıram.
- Sizin kimi Azərbaycan yığmasında oynamaq haqda düşünən həmyerlilərimiz çox deyil. Azər Əliyev və Ayaz Quliyev yığmamızda oynamaq təklifi alsa da, klublarında legioner sayılmamaq üçün təklifdən imtina edib. Buna münasibətiniz necədir?
- Bu barədə mən nəsə deyə bilmərəm. Çünki Azər Əliyev və Ayaz Quliyevin öz baxışı var. Onların nəyə görə Azərbaycan yığmasında oynamaq istəməməsi haqda bir söz deyə bilmərəm. Hərənin öz fikri və baxışı var.