İngiltərə Premyer Liqasının son turu “Mançester Siti”nin hücumçusu Serxio Aquero üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, argentinalı forvard “şəhərlilər”in heyətində çempionatdakı axırıncı oyununda rekorda imza atıb.
“Everton” üzərində 5:0 hesablı qələbəyə meydana sonradan daxil olaraq dublla töhfə verən ulduz futbolçu liqada “Mançester Siti”nin heyətindəki ümumi qollarının sayını 184-ə yüksəldib. Bununla o, Ueyn Runiyə məxsus bir klubda Premyer Liqada ən çox qol vurma rekordunu yeniləyib. Runi “Mançester Yunayted”də 183 dəfə fərqlənib.
Qeyd edək ki, mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı açıqlanan Serxio Aqueronun “Barselona”ya keçidi gözlənilir.