Tarixin yaddaşına köçən beynəlxalq turnirlər – klublarımız da iştirak edib
21.04.2021 - 16:29
Tarixin yaddaşına köçən beynəlxalq turnirlər – klublarımız da iştirak edib

Aprelin 19-da yaradılan Avropa Superliqası başlamadan cəmi iki gün ərzində bitib.

Apasport.az saytının məlumatına görə, UEFA və FİFA-nın, eləcə də yerli federasiyaların, hökumətlərin təzyiqinə tab gətirməyən 12 nəhəng klubun arzusu erkən puç olub.

Ümumiyyətlə, futbol tarixində çox sayda beynəlxalq turnirlər keçirilib. Bəziləri uğursuz olduğu üçün qısa davam edib, bəziləri sonradan adını dəyişdirib. Həmin turnirlər bu gün yalnız xatirə kimi yaddaşlarda qalıb.

Bu yazıda beynəlxalq səviyyədə yaradılan, lakin bir müddət sonra keçirilməyən bir neçə turniri yada salacağıq.

İntertoto kuboku
UEFA 1995-ci ildə İntertoto kubokunu yaradıb. Bunda məqsəd çempionatlarda yüksək yerlərdə qərarlaşan, lakin avrokuboklara vəsiqə qazana bilməyən klublara şərait yaratmaq olub. İntertoto kubokunu qazanan 3 komanda yoluna UEFA Kubokunda davam edirdilər. 2008-ci ildə sonuncu dəfə təşkil olunan turnirdə Azərbaycan təmsilçilərindən ən uğurlusu “Neftçi” olub. Flaqman məhz son turnirdə iki mərhələ keçməyi bacarıb.

Fuar Şəhər Kuboku
Hazırkı Avropa Liqasının təməli məhz Fuar Şəhər Kubokunda qoyulub. Kubok tarixinin ən titullu komandası 3 çempionluqla “Barselona” olub. Turnirin adı 1971-ci ildə dəyişdirilərək UEFA Kuboku kimi adlandırılıb və genişləndirilərək bütün Avropa üzrə yayılıb.

Balkan kuboku
Adından da göründüyü kimi, turnir ancaq balkan ölkələrinin komandaları arasında keçirilirdi. Turnirin ən titullu klubu 4 dəfə çempionluq qazanan Bolqarıstan “Beroe”si olub.

Kuboklar Kuboku
UEFA tərəfindən təşkil olunan yarış ölkələrinin yerli kuboklarını qazanan klubların növbəti mövsüm iştirak etdiyi turnir idi. Azərbaycan 4 mövsüm bu turnirdə təmsil olunub. “Qarabağ” 2, “Kəpəz”lə “Neftçi” 1 dəfə qatılsa da, mərhələ adlamaq mümkün olmayıb. 1960-1999-cu illəri əhatə edən Kuboklar Kubokunun ən uğurlu komandası “Barselona”dır. 1999-2000 mövsümündən etibarən turnir UEFA Kuboku ilə birləşdirilib.

Mitropa kuboku
Avropanın klub səviyyəsində ilk beynəlxalq turniri olan Mitropa kubokunda yalnız Orta Avropa ölkələrinin təmsilçiləri qatılırdı. İlk dəfə 1927-ci ildə təşkil olunan yarış 1939-1951-ci illərdə II Dünya Müharibəsinin təsiri ilə keçirilməyib. 1955-ci ildən sonra hər il mütəmadi keçirilən turnir zamanla populyarlığını itirib. İştirakçı komandaların yalnız yoxlama görüşü kimi görməyə başladığı Mitropa kuboku sonuncu dəfə 1992-ci ildə təşkil olunub. Macarıstanın “Vasas” klubu kuboku ən çox qazanan (6) komanda olub.

Afro-Asiya Kuboku
Asiya Kuboku ilə Afrika Millətlər Kubokunu qazanan yığmaların üz-üzə gəldiyi Afro-Asiya Kuboku iki oyundan ibarət olub. İlk final görüşü 1978-ci ildə keçirilib. Asiya Futbol Konfederasiyası DÇ-2006-nın ev sahibliyi üçün Cənubi Afrikanı deyil, Almaniyanı dəstəkləməsi turnirin də sonunu gətirib. 2007-ci ildə son dəfə keçirilən finalda Yaponiya Misiri 4:1 hesabı ilə məğlub edərək çempion olub.

İnteramerikana kuboku
Amerika qitəsi Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Bu iki materikin fərqli konfederasiyaları var. Bu konfederasiyalar 1968-ci ildə Libertadores və KONKAKAF Çempionlar Liqasını qazanan komandaların qarşılaşmasına qərar verib. Bir növ Amerika Superkuboku olub. Mütəmadi hər il keçirilməyən turnir sonuncu dəfə 1998-ci ildə təşkil edilib.

Merkosur Kuboku
Cənubi Amerika Futbol Konfederasiyası 1998-ci ildə ən köklü klubların qarşılaşacağı turnir təşkil etmək qərarına gəlib. Məqsəd klubların daha çox pul qazanması idi. Ancaq yarışa maraq gözlənildiyi kimi olmayıb. Cəmi 4 il keçirilən yarışda “Palmeyras”, “Flamenqo”, “Vasko da Qama” və “San Lorenzo” kubok qazanıb.

Birlik kuboku
Keçmiş SSRİ və baltik ölkələri klublarının qatıldığı turnir 1993-cü ildə yaradılıb və 2011-ci ilə qədər davam edib. Getdikcə klublar tərəfindən yarışa maraq azaldığından, turnir gənclərdən ibarət yığmaların iştirakı ilə keçirilib. Nəhayət, 2016-cı ildə yarışın bir daha təşkil olunmayacağı açıqlanıb. Azərbaycan təmsilçiləri 4 dəfə final matçında iştirak edib. “Neftçi” 2005-ci ildə həlledici görüşdə uduzsa da, bir il sonra kuboku başı üzərinə qaldırıb. 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə “İnter” Birlik kubokunun qalibi olub.