Təbiət yatanda “Sabah” oyandı
05.12.2019 - 11:37
Təbiət yatanda “Sabah” oyandı

Azərbaycan futbolunun qərar verənləri adətən ya gecikir, ya da tələsirlər. Nadir hallarda doğru qərar zamanında verilir. Vaxtilə "Qarabağ" rəhbərliyinin Qurban Qurbanova səbir etməsi kimi, indiki milli üzvlərinin bir neçəsini üzə çıxarmış "Bakı" akademiyasının açılması kimi... Təəssüf ki, bu doğrular bir əlin barmaqları qədər belə yoxdur.

Elə cari mövsüm klubların baş məşqçilərlə bağlı qərarlarına nəzər yetirsək, bir neçə tələsən və gecikən addım görərik. Məsələn, "Zirə" Samir Abasovu qovmaqda tələsdisə, "Neftçi" Roberto Bordini, "Səbail" Aftandil Hacıyevi yola salmaqda gecikir.
"Sabah" isə... Bu klub mövsüm yarılanmamış iki gecikmiş qərarla uğurlu yekunu risk altına atdı. Həm Elşad Əhmədovu göndərməkdə, həm də Jelko Sopiçi bu posta gətirməkdə gecikdilər. Ciddi maliyyə ayıran bakılılar Elşad bəylə yola davam edə bilməyəcəyini, daha doğrusu, onun bu yükü qaldıracaq səviyyədə olmadığını mövsümün əvvəlindən görməli idilər. Əhmədovla ilk 4 turda itirilən 10 xal rəhbərliyi tam ayıltmadı. Sonrakı 8 turda az qala hər yoldan keçən komandanı meydana çıxardı. Texniki zonada gah Rövşən Babayevin, gah Ramin Quliyevin, gah da İqor Ponomaryovun ağalıq etməsinin nəticəsində 24 mümkün xaldan 11-ini toplaya bildilər.

Mövsümün yarılanmasına cəmi 2 tur qalmış "Sabah", nəhayət ki, baş məşqçisini tapa bildi. Sanki təbiətin “qış yuxusuna” getdiyi vaxt komanda oyandı. Bunadək belə başa düşülürdü ki, rəhbərliyin bu qədər axtarışının, tələsməməyinin səbəbi hansısa böyük məşqçini razı salmağa çalışması idi. Karyerası əsasən köməkçi məşqçilikdən ibarət olan Jelko Sopiç o qədərmi əlçatmaz biri idi? Onu köməkçi məşqçisi olduğu "Əl-Ain"dən mövsümün əvvəlində də gətirmək olardı.

"Sabah" bu təyinat üçün çox gecikdi, bəlkə də, bir mövsümü qurban edəcək qədər. Bəli, xorvatiyalı da ilk gündən bura pul dalınca gəlmədiyini göstərdi, çalışmaq əzmini, işinə necə məsuliyyətli yanaşdığını və uğura ac olduğunu ortaya qoydu. Çünki artıq 45 yaşı var və baş məşqçi kimi özünü təsdiq etməkdə gecikir. "Qarabağ" və "Ağsu" ilə matçlarda necə arzulu, uğur üçün alışıb-yandığı aşkar göründü. Üstəlik, "Azərbaycan çempionatıdır, yola verim" düşüncəsində də deyil. "Sabah"ın bütün oyunlarına, hətta bu klubun futbolçularını izləmək üçün Azərbaycan millisinin də matçlarına baxması onun ciddiliyinin, işinə olan hörmətinin xəbərçisidir.

Ancaq əsas məsələ bundan sonra xorvatiyalıya veriləcək imtiyazdır. Çünki həm "Qarabağ", həm də "Ağsu" ilə keçirilən oyundan sonrakı açıqlaması bizimkilər üçün hədsiz risklidir. Təkcə futbolçular yox, onları bura gətirən rəsmilər, menecerlər üçün də. Sopiç "Qarabağ"la qarşılaşmada 8 yerlini oynadaraq, "mənim üçün yerli-əcnəbi ayrıseçkiliyi yoxdur, yaxşı olan meydana çıxır" mesajını verdi. "Ağsu" üzərində qazanılan 5:0 hesablı qələbədən sonra belə, narazılıq etdi, "nə Təmkin tanıyaram, nə Diallo" deyərək, bütün futbolçulara gözdağı verdi.

Qəbul edək ki, indiyə qədər Azərbaycanda bu cür sərt düşüncəli, hədsiz tələbkar məşqçilərdən cəmi 2 nəfərə istədiyini etmək imkanı verilib. "Qarabağ"da Qurban Qurbanov, vaxtilə də "İnter"də Kaxaber Sxadadze tam "yetki" ilə çalışdı. Bəs "Sabah" rəhbərliyi yeni çalışdırıcısının arxasında bu qədər möhkəm dayana biləcəkmi? Təəssüf ki, əksər hallarda klublarımızda aparıcı futbolçulara meydan oxuyanların "torbaları" tez "tikildi", əl birliyi ilə yola salındı. Çünki bizdə futbolçuları fərq qoymadan nizama salmaq cəhdi ilə təkcə onları yox, onların klubdakı "daydayı"larını da qəzəbləndirmiş olursan.

"Sabah" rəhbərliyi əgər, həqiqətən də, klubun inkişafını, böyüməyini istəyirsə, Sopiçə bu yolda yaşıl işıq yandıracaq, gələn mövsümün heyətini formalaşdırmaq üçün ona vaxt verəcək. Əks təqdirdə, xorvatiyalı Azərbaycanda bu işi bacarmayan mütəxəssis kimi ad çıxaracaq və gələcək karyerası heyf olacaq...

0
Sabah Jilko Sopiç Azərbaycan Premyer Liqası