Üç yubilyar - üçrəngli forma ilə
14.10.2020 - 00:07
Üç yubilyar - üçrəngli forma ilə

Millətlər Liqasının qrup mərhələsində Kiprlə keçirilən oyun Azərbaycan yığmasının 3 futbolçusu üçün əlamətdar olub.
 
Apasport.az saytının məlumatına görə, 0:0 hesabı ilə nəticələnən Albaniyanın Elbasan şəhərindəki qarşılaşmada müdafiəçi Bəhlul Mustafazadə, yarımmüdafiəçi Namiq Ələsgərov və hücumçu Ramil Şeydayev yubiley matçına çıxıb.
 
Onlar arasında millidə ən çox oyun keçirən Şeydayev 30-cu dəfə üçrəngli formanı geyinib. 81 dəqiqə meydanda qalan forvard bir neçə real şans yaxalasa da, yubileyini qolla qeyd etməyi bacarmayıb.
 
Mübarizəyə ehtiyatdan başlayan və 57-ci dəqiqədə meydana daxil olan Namiq Ələsgərov 20-ci matçını keçirib. Bəhlul Mustafazadənin isə ilk yubileyi olub. İlk dəqiqələrdən çıxış edən və 71-ci dəqiqədə zədələnərək əvəzlənən müdafiəçi 10-cu görüşünü geridə qoyub.
 
Qeyd edək ki, 4 futbolçu - Elvin Bədəlov, İsmayıl İbrahimli, Şahruddin Məhəmmədəliyev və Amin Seydiyev Kiprlə qarşılaşmada millinin heyətində debüt edib.

0
Ramil Şeydayev yubiley Bəhlul Mustafazadə