
Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsinin ev oyununda Xorvatiya ilə heç-heçə edib.
APA-nın məlumatına görə, yığma tarixində ikinci dəfə dünyanın ən güclü 10 komandasından birindən xal alıb.
Belə ki, Xorvatiya Bakıya FİFA reytinqinin 7-ci komandası kimi gəlib. 1:1 hesablı nəticə sıralamanın “Top-10”da yer alan rəqibdən alınan ikinci xalla nəticələnib.
Bunadək yığma yalnız bir dəfə belə yüksək reytinqli rəqibi büdrədə bilib. Komandamızın ilk belə uğuru 10 il əvvələ təsadüf edib.
2009-cu il oktyabrın 14-də FİFA reytinqinin 6-cı komandası Bakıdan xal itkisi ilə ayrılıb. Həmin gün milli Rusiyadan xal alıb. Yığma şimallılarla da eyni – 1:1 hesablı heç-heçə edib.
Azərbaycan futbolçularının rəsmi turnirlərdə xal aldığı 3-cü ən yüksək reytinqli komanda isə Portuqaliyadır. 1999-cu il sentyabrın 4-də Bakıya səfər edən pireneylilər də xal itkisi ilə üzləşib. Qarşılaşma zamanı rəqib FİFA reytinqində 12-ci olub. Həmin vaxt da 1:1 hesablı heç-heçə qeydə alınıb.