Uels millisi rəsmi turnirlər çərçivəsində ardıcıl 4-cü qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının ikinci turunda Bolqarıstanı 1:0 hesabı ilə yenən britaniyalılar üç gün öncə Finlandiyanı da bir qolla üstələyib.
Uelsin uğurlu seriyası isə Bakıda başlayıb. Azərbaycan millisini 2:0 hesabı ilə yenən Rayan Giqqzin yetirmələri AVRO-2020-nin növbəti matçında Macarıstanı da eyni hesabla yenib.
Bu, Uels yığmasının son 17 ildə ən uzun qələbə seriyasıdır. Böyük Britaniya təmsilçisi 2002-2003-cü illərdə ardıcıl 5 qələbə qazanmışdı. Maraqlıdır ki, həmin vaxt da seriyada Azərbaycan millisinin rolu olub. Seçmə oyunlardakı 5 qələbədən ikisi yığmamızla matçlara təsadüf edib. Mark Hyuzun yetirmələri Bakıda 2, Kardiffdə 4 cavabsız qol vurub. Lakin indikindən fərqli həmin seriyanın son qələbələri millimizlə görüşlərə təsadüf edib.
Qeyd edək ki, Bolqarıstanla qarşılaşmada Uelsin qələbə qolunu 90+4-cü dəqiqədə Neko Uilyams vurub.