21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına daha bir futbolçu milliləşdirilə bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, AFFA Ukraynada çıxış edən əslən azərbaycanlı hücumçu Rüstəm Əhmədzadəni U-21-ə dəvət etməyi planlaşdırır.
Ukrayna Premyer Liqasında çıxış edən “Minay”ın formasını geyinən 21 yaşlı mərkəz hücumçusunun növbəti təlim-məşq toplanışına çağırılması gözlənilir. Ancaq baş məşqçi Milan Obradoviç əvvəlcə onu baxışdan keçirəcək. Serbiyalı mütəxəssis müsbət rəy verərsə, Əhmədzadə U-21-in rəsmi matçlarına da dəvət ediləcək.
Qeyd edək ki, Kiyevin “Zirka” klubunun yetirməsi olan Rüstəm Əhmədzadə “Aleksandriya” və “Kolos”un əvəzedicilərində çıxış edib. Ötən ilin yayında “Minay”la 1 illik müqavilə bağlayan gənc hücumçu cari mövsüm Premyer Liqanın 6 oyununda meydana çıxıb.