UEFA prezidenti Aleksandr Çeferin DÇ-2026-nın ev sahibini seçməzdən əvvəl federasiya rəhbərləri ilə görüşməyi düşünmür. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Çeferin açıqlamasında deyib.
O, bununla səsvermə öncəsi təsir göstərmək istəmədiyini vurğulayıb: “UEFA üzvlərinə kimə səsvermələri ilə bağlı bir söz deyə bilmərəm. 55 assosiasiyanın hər biri iki namizədin ərizə formasını diqqətlə araşdırır. Mən səs vermirəm və heç kimin seçiminə təsir etməyəcəm”.
Qeyd edək ki, DÇ-2026-nın ev sahibi iyunun 13-də Moskvada keçiriləcək Konqresdə müəyyənləşəcək. Yarışın təşkilatçılığına namizədlərdən olan Mərakeşin rəqibi ABŞ-Meksika-Kanada “trio”sudu. DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək.