“Qazaxıstan yığmasının oyunundan xoş mənada şok keçirdim. Azərbaycanlılara qalib gələcəyimizi gözləyirim. Amma bu qədər böyük fərqləmi?” Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın veteran futbolçusu Mixail Qurman deyib.
O, yerli mətbuata açıqlamasında dünən Qazaxıstanla Azərbaycan arasında keçirilən yoldaşlıq görüşünü dəyərləndirib.
64 yaşlı mütəxəssis millilərindən ağızdolusu danışıb və tərif yağdırıb: “Stoilov yaxşı oyunçularımızın olduğumuzu sübut etdi, sadəcə onlarla işləmək lazımdı. Digər mütəxəssislər bunun əksini düşünürdülər. Stoilov fenomeni inam verdi. Millinin bütün oyunçuları qalıcı təcrübəyə malik deyil, ancaq onlar üçün yığma boş çağırış ola bilməz. Azərbaycan üzərində mükəmməl qələbə qazandılar. Məncə, Millətlər Liqasında uğurlu çıxış edə bilərik. Əsas odu ki, komanda dayanmasın. Azərbaycanı darmadağın etmək Qazaxıstan xalqı üçün son hədd deyil. Bu komanda sabah ən güclü yığmalardan birinə rəsmi matçda qalib gəlsə, təəccüblənməyin”.
Qeyd edək ki, “Astana Arena”da baş tutan görüşdə millimiz 0:3 hesabı ilə məğlub olub.