“Azərbaycanın gücünü zərərsizləşdirib, zəif cəhətlərindən yararlandıq”
06.06.2018 - 09:23
“Azərbaycanın gücünü zərərsizləşdirib, zəif cəhətlərindən yararlandıq”

“Müdafiədə etibarlı oynadıq və qapımızda qol buraxmadıq. Bu, çox vacib idi. Azərbaycan çox yaxşı rəqibdi. Onların oyun üslubunu bilirdik, güclərini zərərsizləşdirdik və zəif cəhətlərindən yararlandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan yığmasının müdafiəçisi Sergey Malıy deyib.

 

O, yerli mətbuata açıqlamasında Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşünü dəyərləndirib. Malıy ilk dəqiqələrdən hücum futbolu sərgiləmələrinin sonradan onlara problem yaratdığını söyləyib: “Matça yeni nəfəslə başladıq. Azarkeşlər, bəlkə də, hiss etmədilər, ancaq oyun zamanı çox həyəcanlı idik. Bir çox səbəbdən artıq 35-ci dəqiqədən sonra eyni tempi qoruya bilmədik. Çünki bütün gücümüzü ilk dəqiqələrdən ortaya qoyduq. Daha sonra hesab da müdafiəyə çəkilməyimizə imkan verirdi. Havasızlıq olduqda hərəkət etmək çətinləşir. Bu da birinci hissənin sonlarında özünü göstərdi. O ki qaldı rəqibin gücünə, biz Azərbaycana deyil, öz oyunumuza köklənmişdik. Bir-birimizlə meydandakı əlaqə çox vacibdi”.

 

Qeyd edək ki, “Astana Arena”da keçirilən Qazaxıstan – Azərbaycan qarşılaşması meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.