Yeni mövsümdən Çempionlar Liqası adlanacaq UEFA Futzal kubokunda ilk dəfə 59 komanda mübarizə aparacaq. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, klub reytinqində 6-cı pillədə qərarlaşan Azərbaycan turnirdə yalnız ölkə çempionu “Araz”la təmsil olunacaq.
Komandamız yarışa yenə əsas mərhələdən başlayacaq. Buna qədər cari ildə avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ oktyabrın 2-dən 7-dək, elit raund noyabrın 13-dən 18-dək təşkil ediləcək. “Dördlər finalı” aprelin 25-i 27-i və ya 26-sı 28-i tarixlərində keçiriləcək. Aprelin 25-də və ya 26-da yarımfinal, ayın 27-də və ya 28-də isə üçüncü yer və həlledici matça şahidlik etmək mümkün olacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər. Bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidir.
İyulun 5-də ilkin və əsas, oktyabrın 14-də elit mərhələnin iştirakçıları rəqiblərini tanıyacaq. “Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək. Hələlik dəqiq vaxt təsdiqlənməyib.
59 komandadan 47-nin Çempionlar Liqasında iştirakı artıq dəqiqləşib. Həmin klublar bunlardı: “İnter”, “Barselona” (hər ikisi İspaniya), “Qazprom-Yuqra”, “Sibiryak” (hər ikisi Rusiya), “Kayrat”, “Aktobe” (Qazaxıstan), “Prodexim Xerson” (Ukrayna), “Araz” (AZƏRBAYCAN), “Doboveç” (Sloveniya), “Era-Pak Xrudim” (Çexiya), “İnformatika Timişoara” (Rumıniya), “Slov-Matik” (Slovakiya), “Hovokubo” (Hollandiya), “Halle - Quik” (Belçika), “Mostar” (Bosniya və Herseqovina), “Lidselmaş Lida” (Belarus), “Rekord Bielsko-Biala” (Polşa), “Veles” (Makedoniya), “KaDu” (Finlandiya), “Nikars” (Latviya), “Sanderyord” (Norveç), “Uddevalla” (İsveç), “Ridinq Eskolla” (İngiltərə), “Doukas” (Yunanıstan), “Dinamo” (Moldova), “JB Gentofte” (Danimarka), “Çelik” (Monteneqro), “Varna Siti” (Bolqarıstan), “Fidell” (İsveçrə), “Leo” (Ermənistan), “Enkamp” (Andorra), “Vitis” (Litva), “Tirana” (Albaniya), “Makkabi Nahalat İtzhak” (İsrail), APOEL (Kipr), “Kardif Universiti” (Uels), “Tallinna Kosmos” (Estoniya), “Links” (Cəbəllütariq), “Valletta” (Malta), “Murata” (San Marino), “Vattçell” (Şotlandiya), “Nohenşteyn - Ernsttal” (Almaniya), “Feniks” (Kosovo), “Murexin Allstars” (Avstriya), “Rasinq” (Lüksemburq), “Belfast Yunayted” (Şimali İrlandiya), “Vangir Yupiters” (İslandiya).
Portuqaliya (iki komanda), İtaliya, Serbiya, Xorvatiya, Macarıstan, Türkiyə, Fransa, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandaların təmsil edəcəyi hələ bəlli deyib.
Qeyd edək ki, Avropa klub turniri indiyə qədər 32 dəfə keçirilib. İlk dəfə 1984-cü ildə təşkil edilən yarış 2001/02 mövsümündən UEFA Futzal kuboku adlanıb. Turnirin adı dəyişsə də, formatda bir dəyişiklik olmayacaq. Sadəcə, klub reytinqində ən yüksək göstəriciyə malik 4 ölkə (Rusiya, İspaniya, Portuqaliya, Qazaxıstan) 2 iştirakçı ilə təmsil olunacaq.