Maksim Medvedev: "Rahat oynasaq, Maltaya 2-3 qol vurarıq"
28.03.2022 - 13:36
Maksim Medvedev: "Rahat oynasaq, Maltaya 2-3 qol vurarıq"

“Malta ilə görüşdə fərqli oyun sistemində çıxış etdik".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Maksim Medvedev deyib.

33 yaşlı müdafiəçi Latviya ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransına qatılıb.

Medvedev Maltaya məğlubiyyətin səbəblərini izah edib: “Məşqdəki hərəkətləri meydanda tətbiq etmək çətindir. Bəzən oyunçular baş məşqçinin tapşırıqlarını yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə vəziyyətin yaranmasını istəməzdi. Biz Maltadan daha yaxşı komandayıq. Amma onlara qarşı iki nömrə kimi oynadıq. Bu özü mənə pis təsir etdi. Halbuki fiziki və texniki cəhətdən Maltadan yaxşı idik. Sırf kollektiv oyun baxımından bizi qabaqladılar. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər".

Medvedev milli üzvlərinin sosial medianı izləməsinə qarşı olduğunu əlavə edib: "Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəzi oyunçular sosial şəbəkəni izləyirlər, kimsə nəsə yazanda ona pis təsir edir. Halbuki rahat oynasaq, Maltaya 2-3 qol vurarıq. Uşaqlar gərək sosial medianı az izləsinlər. Daim 90 dəqiqəni eyni tempdə oynamaq lazımdır". 

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.